"Cocuq Mərcanlıda məscid ucaldılacaq"

12 Aprel 2017 10:26 (UTC+04:00)

"Azərbaycanın dövlət başçısının sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, ədalətli sülhün bərqərarını istəyən xalqımız beynəlxalq səylər nəticə verməzsə, özü ədaləti bərpa etməyə qadirdir". SİA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən "İslam Həmrəyliyi: din və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, ildönümünü yaşadığımız Aprel zəfəri bunun bariz nümunəsidir: "Allah bütün şəhidlərimizə rəhmət etsin! Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan ordusu bayrağımızı işğal altında olan bütün topraqlarımızda ucaldacaqdır, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlət rəhbərimizin dəstək və yardımı ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq. Böyük qayıdışımızın, şanlı qələbəmizin şəninə veriləcək azanları eşidəcəyimiz zaman uzaqda deyil, inşallah!".