Ekspert: “Ermənilər qan tökülməsini istəyirlər” MÜNASİBƏT

7 Aprel 2017 16:30 (UTC+04:00)

"Cəbhədən verilən məlumatlar əslində vəziyyətin yaxın bir neçə gündə daha da gərginləşəcəyindən xəbər verir. Aprel hadisələrinin ildönümü, Ermənistanda saxta parlament seçkiləri arxada qaldı. Həmsədrlər bu günlərdə həm İrəvanda, həm də Xankəndində separatçı rejimin üzvləri ilə görüşdən sonra hər zaman olduğu kimi bir kağız parçası effektinə malik bəyanat səsləndirdilər, gedib oturdular öz ölkələrində. İndi isə onlar bağlı qapılar arasında Ermənistana verdikləri "mühüm tapşırığın" icrasını gözlüyürlər". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, yaramaz və bədnam qonşular da artıq tapşırığın icrasına başlayıblar: "Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə təkcə bizim ön xəttdə olan mövqelərimizi deyil, həm də arxa cəbhədə olan mülki insanlarımızın məskunlaşdıqları kəndlərimizi də ağır silahlardan atəşə tutublar. Ermənilər çalışacaqlar ki, yenə cəbhədə qan axıdılsın və yenə hansısa ölkənin, yəqin ki daha çox bu dəfə Fransa preizdentinin təşəbbüsü ilə bir mənasız görüş təşkil edilsin və guya tərəflərə hansısa təkliflər veriləcək. Hamısı vaxt uzadıb, Ermənistanın və havadarlarının maraqlarını təmin etmək üçün oynanılan oyunlardır bu hərəkətlər. Ona görə də, Silahlı Qüvələrimiz həm diqqətli olmalı, həm də baş verəcək təxribatlara daha ağıllı, daha sərrast cavablar verməlidir. Əks halda, 2016-ci ilin hadisələri bu dəfə də bir qədər fərqli formada təkrarlana bilər.

Diqqət etsəniz, demək olar ki, düşmən bütün cəbhə boyu aktiv təxribatlar törətməyə başlayıb. Bu isə o deməkdir ki, onlar yenə bizim əsəblərimizi tarıma çəkmək, qan tökülməsini istəyirlər".