BŞH-ın paytaxt sakinlərinə müraciəti

7 Aprel 2017 16:17 (UTC+04:00)

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir. SİA-nın verdiyi məlumata görə, aprelin 7-i axşam saatlarından etibarən Əziz Əliyev küçəsində yolun kənarına baryerlərin quraşdırılmasına start veriləcək. Burada quraşdırma işləri nəqliyyat hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.