ANAMA: Cocuq Mərcanlıda 2400-dən çox qəlpə aşkarlanıb

6 Aprel 2017 20:05 (UTC+04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 6-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2403 qəlpə aşkar edib. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 33 min 58 kvadratmetr ərazi (2858 kvadratmetr əl ilə, 12 min 400 kvadratmetr mexaniki üsulla və 17 min 800 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.

ANAMA-nın məlumatında deyilir ki, 48 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik "OF-832", 2 ədəd 120 millimetrlik "OF-843" minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd "PQ-7VL" və 1 ədəd "PQ-7VM"), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan "PQ-7VM" raketi, 1 ədəd "PQ-7" raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd 100 millimetrlik "OF-412" top mərmisi və 8 ədəd "TM-62P3" minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə "OZM-72" mina və 33 ədəd tank əleyhinə mina (9 tank əleyhinə "TM-57" minası və 24 ədəd "TM-57" tank əleyhinə minanın partladıcısı "MVZ-57") aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 343 min 167 kvadratmetr ərazi (429 min 480 kvadratmetr əl ilə, 392 min 600 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 408 min 87 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 6-dək cəmi 5123 partlamamış hərbi sursat, tank əleyhinə 74 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 397 min 831 kvadratmetr ərazi (484 min 144 kvadratmetr əl ilə, 392 min 600 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 408 min 87 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.