"Cənub Qaz Dəhlizi" QSC-yə 366 milyon dollarlıq II maliyyə tranşı ayrılıb

6 Aprel 2017 14:09 (UTC+04:00)

Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılmış kredit xətti üzrə cari ilin 30 mart tarixində 146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə cari ilin 5 aprel tarixində 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. Xatırladaq ki, hər iki beynəlxalq maliyyə institutundan müvafiq olaraq 108,4 və 162,6 milyon ABŞ dolları məbləğində ilk maliyyə tranşı cari ilin fevral ayında ayrılmışdı.

Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Borcalan qismində çıxış edən və səhmlərinin 100%-i birbaşa və dolayısı ilə Azərbaycana məxsus olan "Cənub Qaz Dəhlizi" QSC, Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən "Cənub Qaz Dəhlizi" beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.