Zirə-Türkan yolu bərpa olunur FOTO

4 Aprel 2017 13:00 (UTC+04:00)

Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası layihələr çərçivəsində Zirə-Türkan avtomobil yolunun bərpası işlərinə başlanılıb. Bu barədə SİA-ya "Azəravtoyol" ASC-dən məlumat verilib.

Sözügedən yolun uzunluğu 7.1 km-dir. Bunun 5.1 km-lik hissəsi çınqıl və torpaq örtüklüdür. Bu üzdən vətəndaşların xüsusən payız-qış mövsümündə bu yolla hərəkətində xeyli çətinliklər yaranırdı. Yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılmış olacaq.

"Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında, texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə bərpa olunan Zirə-Türkan avtomobil yolunu hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1.5 metr çiyin hissələr də daxil olmaqla, yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə kənarlarda 1.5 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

Hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0.5–1 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa, kommunikasiya xətləri köçürülür, maneələrin söküntüsü işləri aparılır. Sonra yol əsasının tikintisi işləri aparılacaq. Bura 25 sm karbonat-qırmadaş qarışığından ibarət əsasın alt layı, 12 sm qalınlığında isə optimal-qırmadaş qarışığından ibarət əsasın üst layı daxildir. Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanması işləri aparılacaq. Yolun 50 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək.

Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulacaq, hərəkətin normal təşkili üçün 50 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Həmçinin, yolun işıqlandırılmasını təmin etmək məqsədi ilə 185 ədəd işıq dirəyi quraşdırılması işləri aparılacaq.

Qeyd edək ki, Zirə-Türkan yolunun bərpası iki yaşayış məntəqəsinin 23.9 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdıracaq. Ən əsası vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 km-ə yaxın qısaltmış olacaq.