"Aprel döyüşləri Ermənistana bir daha sübut etdi ki, Azərbaycanın iradəsi güclüdür və ölkəmizin hərbi potensialı istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, aprel döyüşlərində beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir.
Onun sözlərinə görə, 1 il öncə baş verənlər Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdəti nümayiş etdirdi: "Aprel savaşı həmçinin göstərdi ki, Azərbaycan mövcud vəziyyətlə heç zaman barışmayacaq və ərazi bütövlüyümüzün təmini naminə əlindən gələni edəcək: "Azərbaycan prezidenti də məsələ ilə bağlı ölkəmizin mövqeyini bildirərək söyləyib ki, əgər Ermənistan tərəfi məsələnin həlli ilə bağlı özünü sərt şəkildə aparsa, ikinci aprel döyüşünün olacağı istisna edilmir. Çünki, Azərbaycanın istəyi ədalətlidir, ölkəmiz haqlı mövqedə dayanıb. Biz beynəlxalq hüquq normalarına arxalanır, beynəlxalq sənədlərə uyğun şəkildə hərəkət edir və edəcəyik. Bunu Erməni tərəfi çox gözəl anlayır və dərk edir".
"Ümumilikdə, aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu"- deyə, F. Sadıqov əlavə edib.