Bakı Şopinq Festivalı daha bir inanılmaz sürpriz hazırlayıb. SİA-nın məlumatına görə, məşhur "VİA Qra" qrupunun "qızıl" heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva festivalın fəxri qonağı olacaq. Azərbaycan Konqresləri Bürosundan SİA-ya bildirilib ki, ifaçı festival çərçivəsində, aprelin 20-də "#Nömrə1" adlı konsert proqramı ilə çıxış edəcək. Vera Brejneva Heydər Əliyev Sarayında rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını səsləndirəcək.
Müğənni Vera Brejneva Azərbaycan paytaxtında dəfələrlə konsert proqramı ilə çıxış edib. Bakı tamaşaçıları hitləri bütün postsovet məkanında məşhur olan və sənət dünyasında mövcud bütün mükafatlara layiq görülmüş bu istedadlı ifaçını hər dəfə böyük rəğbətlə və sevinclə qarşılayır.
Vera Brejneva ilə görüş – bu yazın əsas hadisəsi olacaq Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir əla səbəbdir.
Qeyd edək ki, Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək.