Mərkəz sədri: “Ermənistan dövlətçiliyinin ölməsi davam edir” MÜNASİBƏT

1 Aprel 2017 10:02 (UTC+04:00)

"Sərkisyanın hərbi təxribatların faydasına inamı danışıqların bərpa edilməməsinin ən əsas səbəbidir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransa prezidenti Fransua Olandla Dağlıq Qarabağ münaqişəsini hərtərəfli müzakirə etdi: "Birgə mətbuat konfransında səsləndirilən fikirlərdən bu aydın şəkildə görünür. Olandın Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransında dediklərinə onun həm də bir həftə öncə S.Sərkisyanla keçirdiyi görüşdə səsləndirilmiş fikirlərin deşifrəsi kimi də yanaşmaq olar:

I. F.Oland təkid etsə də, Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsi üzrə dinc danışıqların bərpasından imtina edib.

II. Oland 2014-cü ilin oktyabrında Parisdə prezidentlərin üçtərəfli formatında yarımçıq qalmış bəzi məsələləri yada salsa da, S.Sərkisyan buna da razılıq verməyib. Yarımçıq qalmış məsələlər dedikdə ilk növbədə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsinin davamını nəzərdə tuturuq.

III. Oland danışıqların davamı üçün digər həmsədr ölkə prezidentlərindən də kömək istəyir. Bu Olandın S.Sərkisyanı təkbaşına danışıqlara razı sala bilməməsinin acı etirafıdır.

IV. Olandın fikrincə, status-kvo qəbuledilməzdir. Ən pis şey status-kvodur.

V. Tənzimlənmənin parametrləri Olanda görə tam aydındır.

Olandın belə mövqeyi, o cümlədən tənzimlənmənin parametrləri S.Sərkisyanı qane etmədiyi üçün danışıqlardan yayınır.

S.Sərkisyan danışıqlar stolunun üstündə olan təklifləri kənara itələyib, yeni variantlar, gələcək zaman barədə düşünür. Ermənistanın danışıqlar stolunun üstündə olan təklifləri qəbul edəcəyi ilə bağlı verdiyi bəyanatlar riyakarlıqdan başqa bir şey deyilmiş.

RF prezidenti V.Putinlə görüşdə də S.Sərkisyanın mövqeyini bu qaydada dəyərləndirmək mümkündür.

İndi S.Sərkisyanın iki prezident hüzurunda danışıqlara razılıq verməməsi, danışıqları rədd etməsi motivasiyasını araşdırmağa çalışaq. Uzun müddətli təcrübədən çıxış edərək demək mümkündür: S.Sərkisyan yeni havadar tapıb. Başqa sözlə, S.Sərkisyan Dağlıq Qarabağ məsələsi üzrə hansısa başqa bir dövlətlə əməkdaşlıqdadır. Müdafiə naziri V.Sərkisyanın İran səfərindən sonra Ermənistanda faktiki olaraq birinci skripkada olması ehtimal ki, təsadüfi deyil. Eləcə də 25 fevralda qoşunların təmas xəttində baş vermiş hərbi insidentin təhlili də çox şey deyəcək. Əlbəttə 25 fevralda baş vermiş hərbi təxribatın mahiyyətini yalnız xüsusi xidmət orqanları aça bilərlər. 25 fevralda qoşunların təmas xəttində xüsusi xidmət orqanın iştirakı ilə təxribat törətdiyi vaxtda "İskəndər"lər hazır vəziyyətə gətirildi, "Skad"lar və "Smerç"lərdən atəş açıldı. Sadəcə sonradan bunları belə deyək də təlim adı ilə qələmə verdilər. 2016-cı ilin aprel döyüşlərində Ermənistan bu hərəkətləri etmədi.

Ermənistan prezidenti hərbi təxribatların səmərə verəcəyinə, Azərbaycan ordusunun zəif görünəcəyinə, qoşunların təmas xəttində tədqiq mexanizmlərinin qurulacağına, qoşunların təmas xəttinin rəsmi tərtibatının başlanacağına yeni inam əldə edib.

Ermənistan ordusunun böyük bir qismi Rusiyanın nəzarəti altındadır, qalan ordusunu isə Ermənistan görünür, İranın nəzarəti altına verir. İran isə bundan öz maraqları üçün istifadə edir. Yəqin ki, İranın bu fəaliyyətinin Rusiyanın maraqlarına toxunana qədər davam edəcəyini düşünmək olar.

S.Sərkisyanın danışıqlar stoluna qayıtması onun hərbi təxribatların səmərəsizliyinə inamının itməsi halında mümkündür. Bunun üçün yeganə mümkün variant hərbi təxribatlardan istifadənin onun hakimiyyətinə təhlükə yaratmasıdır. Aprel döyüşləri zamanı S.Sərkisyan ağlını da, danışığını da itirmişdi, necə hərəkət edəcəyini də bilmirdi. Sonradan verdiyi bəyanatlar da bunu aydın şəkildə göstərir. S.Sərkisyanın mövqeyində son 1-1,5 ay ərzində baş verən sərtləşmə tam yeni keyfiyyətlidir.

S.Sərkisyanı ruhlandıran məsələlərdən biri Rusiyanın Dağlıq Qarabağ mövzusunda iki dildə danışmasıdır. Hal-hazırda Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər də S.Sərkisyanın maraqlarına uyğundur. Lavrov milliyyətcə ermənidir, başa da düşür ki, artıq yaşı da keçir və o adını erməni tarixinə qara hərflərlə yazılmasını istəmir. Ona görə Lavrov istər-istəməz S.Sərkisyana Dağlıq Qarabağ məsələsində Ermənistana yeni nəfəslik yaratmalıdır və onun son dövrlərdə verdiyi bəyanatlar da məhz buna xidmət edir.

Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənmə mərhələsi başlamayıb, amma Ermənistan dövlətçiliyinin ölməsi isə davam edir".