Uzaqlara getməmişəm, burdayam

1 Yanvar 2005 00:00 (UTC+04:00)

Ay ömrümü viran qoyan, can alan,
Uzaqlara getməmişəm, burdayam.
Dar günümdə məndən uzaq, yan olan,
Uzaqlara getməmişəm, burdayam.
* * *
Görsən məni tanımazsan sən, inan,
Öz-özümə qapılmışam bəd-güman,
Ruhən əzgin, qəlbən xəstə, yarımcan,
Uzaqlara getməmişəm, burdayam.
* * *
Səndən sonra nəs gəldi hər ay, ilim,
Qapısını açdı Yunisə ölüm.
Hara gedim, hara sənsiz, ay gülüm?
Uzaqlara getməmişəm, burdayam.

YUNİS QARAXANOV