“İnteraktiv açıq dərs"

14 Mart 2017 16:02 (UTC+04:00)

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti "interaktiv açıq dərs" keçirilib. SİA-nın xəbərinə görə, bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin "Maqnit sahəsinin qanunları" mövzusunda apardığı dərsdə şagirdlərə maqnit sahəsinin induksiyası, cərəyanlı naqilə və hərəkət edən yüklü zərrəciyə təsiri, həmçinin faradey təcrübəsindən ətraflı məlumat verilib.

Bildirilib ki, sabit maqnitlərin maqnit xassələri, onların dəmir cisimləri özünə çəkmələri qədim yunanlara məlum olub. Maqnit sözü yunanca Maqneziyadan olan daş mənasını verir. Məişət ehtiyaclarını ödəmək üçün müxtəlif formalı maqnitlər barəsində danışılaraq qeyd olunub ki, planetimizdə istehsal olunan elektrik enerjisi maqnit qanunları sayəsində gerçəkləşir. Məişətimizdə və sənayedə istifadə edilən bir çox cihaz və avadanlıqlar da bu qanunlara tabedir. Vurğulanıb ki, maqnit materiallardan ilk dəfə Çində istifadə olunub. Burada eramızdan əvvəl III əsrdə ilk kompas icad olunub, yalnız XII əsrdə avropada tanınmağa başlanılıb.

Dərs zamanı şagirdlərə cərəyanlı maqnit sahəsinin qarşılıqlı təsirinin izahı verilib, həmçinin slayt vastəsilə induksiya cərəyanının maqnit sahəsinə aid misallar göstərilib.

Açıq dərs muxtar respublikanın 202 ümumtəhsil məktəbində izlənilib.