“Şelkunçik” baleti azərbaycanlı xoreoqrafın quruluşunda

2 Mart 2017 13:10 (UTC+04:00)

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Pyotr Çaykovskinin "Şelkunçik" baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərində quruluşçu xoreoqraf və işıq üzrə rəssam azərbaycanlı balet ustası Eldar Əliyevdir. Onun librettosu əsasında nümayiş olunacaq balet Marius Petipanın (1818-1910) orijinal ssenarisinə əsaslanır.

Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın "Ballet Internationale" truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.