Baş redaktor mətbuatı erməni təxribatına uymamağa çağırır

28 Fevral 2017 14:13 (UTC+04:00)

"Bir neçə gün öncə Qarabağ cəbhəsində növbəti erməni təxribatçı-diversiya qrupunun qarşısını alarkən qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizin nəşinin videogörüntülərinin Ermənistan KİV-in ardınca Azərbaycanın bir sıra sayt və portallarında da yayılması yolverilməzdir". Bunu APA-ya açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, ilk növbədə belə hallara yol verilən mətbu orqanlar barəsində müvafiq strukturlar, eyni zamanda Mətbuat Şurası tərəfindən ciddi ölçü götürülməlidir: "Ermənistan tərəfi növbəti dəfə yalanlar uyduraraq, hər vəchlə sübut etməyə cəhd edir ki, guya Azərbaycan Ordusunun əsgərləri təxribata əl ataraq ermənilərin mövqelərinə hücum edib, cavab atəşləri nəticəsində neytral ərazidə həlak olublar. Hətta bunun üçün orada qalan zabit və əsgərlərimizin nəşinin geri qaytarılmasını ləngidiblər ki, özlərinə lazım olan videoçəkilişləri reallaşdırsınlar. Belə olan halda, tirajlanan videoçəkilişlərin sonradan Azərbaycan sayt və portallarında yer alması bilavasitə erməni işğalçılarının dəyirmanlarına su tökmək anlamını daşıyır. Eyni zamanda, ermənilər onların videoçəkilişlərini yayan azərbaycanlılar vasitəsilə öz istəklərini reallaşdırmış olurlar. Sual olunur, nəyə görə erməni mətbuatında yayımlanan video bu gün Azərbaycan mediasında da yayımlanır və bu barədə düşmən mətbuatında fikirlər qeyd olunur?"

B.Quliyev qeyd edib ki, ötən ilin aprel müharibəsində, eləcə də öncəki bənzər hallarda da bir çox media orqanında və sosial şəbəkələrdə eyni əməllərə yol verilib.

Baş redaktor əlavə edib ki, belə mətbuat nümayəndələri düşmənə sərf edən məlumatları tirajlamaqdansa, yaxşı olardı ki, vətənpərvərlik və ruh yüksəkiliyi yaradan materiallarla çıxış etsinlər.