Media rəhbərlərindən mətbuata çağırış ŞƏRH

28 Fevral 2017 14:48 (UTC+04:00)

"Erməni mənbələrinin yaydığı məlumat, foto və videoların Azərbaycan resurslarında işıqlandırılması yaxşı hal deyil. Çünki müharibə şəraitində olan ölkənin resursları yalnız Müdafiə Nazirliyi tərəfindən yayılan rəsmi məlumatları yaymalıdır". Bunu SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru və "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz deyib.

Onun sözlərinə görə, nəinki erməni mənbələrinə istinad olunan məlumatların yayılması hətta, cəbhə boyu kəndlərdən alınan xəbərlərin belə işıqlandırılması düzgün deyil: "Bütün resurslar bir mənbədən olan rəsmi məlumatları yaymalıdır ki, insanlarda vəziyyətlə bağlı çaşqınlıq yaranmasın".

Erməni mətbuatının Azərbaycan mətbuatı kimi sərbəst olmadığını dilə gətirən baş redaktor qeyd edib ki, bunun nəticəsidir ki, hələ də düşmən tərəfi itkilərinin sayını açıqlamır: "Azərbaycan itkilərinin sayını və onların adlarını gizli saxlamır, açıq şəkildə yayır. Lakin Ermənistan mətbuatı bu haqda heç bir məlumat yaymır. Əgər Azərbaycanın mətbuat resurslarında erməni mətbuatına istinadən məlumatlar yayılırsa, bu o deməkdir ki, hələ də ölkəmizdə ermənilərə işləyənlər var. Belə mətbuat resursları qanun çərçivəsində mütləq şəkildə cəzalandırılmalıdır. Onlara xəbərdarlıqla yanaşı, digər cəza sistemləri tətbiq oluna bilər".

Sosial şəbəkələrdə bunun qarşısının alınmasına gəlincə Y. Oğuz qeyd edib ki, əgər mətbuat resursları sosial şəbəkələrə istinad edib bu informasiyalara yaymasa, o zaman bunun qarşısını almaq mümkündür: "Özlərini müstəqil mətbuat resursu adlandıranların bir çoxu sosial şəbəkələrə istinad edir. Belə olan halda, informasiyalar daha geniş auditoriyaya yayılır. Lakin onlar belə informasiyaları verməsələr, o zaman bu cür təxribatlar sosial şəbəkə çərçivəsində qalar".

Məsələ ilə bağlı fikirlərini bildirən "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bu cür halların yolverilməz olduğunu dilə gətirib.

O deyib ki, bununla bağlı, Mətbuat Şurası, jurnalist təşkilatları, baş redaktorlar və digər məsul şəxslər dəfələrlə öz iradlarını, fikirlərini bildirsələr də, bu məsələdə hələ də boşluqların olması təəssüf doğurur.

Onun sözlərinə görə, bu boşluqlar cəbhədəki son baş verənlər zamanı da özünü göstərmiş oldu: "Son hadisələr zamanı bəzi jurnalistlər, özünü media kimi təqdim edən saytlar Müdafiə Nazirliyini kifayət qədər informasiya verməməkdə ittiham etməyə başladılar. Amma əslində Müdafiə Nazirliyi cəbhədə baş verən gərginlikdən dərhal sonra bu haqda məlumat yayaraq, itkilərimizin olduğunu açıqlamışdı. Lakin bəziləri şəhidlərimizin adlarının və sayının dərhal açıqlanmamasını istəyirdilər. Lakin onlar anlamırlar ki, müharibə şəraitində informasiya siyasəti fərqli olmalıdır. Biz jurnalistlər hər bir məlumatın açıqlanmasını tələb etməməliyik. Biz bu məsələdə jurnalist maraqlarından öncə vətəndaş mövqeyini ortaya qoymalıyıq".

İ. Quliyev qeyd edib ki, istənilən şəxs məlumat yayarkən ümumi işə xeyir gətirəcək mənbələrə əsaslanmalıdır: "Müharibə çox təhlükəli prosesdir. Burada şəhidlərin olması normal qarşılanmalıdır. Vətəndaş mövqeyindən çıxış edən media istənilən məqamda ordumuzun mənafeyini, yaydığı informasiyaların cəmiyyətə nə kimi təsir edəcəyini düşünməlidir. Bu baxımdan düşmən mənbələrinə istinad edib foto, video və ya məlumat yaymaq vətəndaşlıq mövqeyindən düzgün deyil. Bizim sosial şəbəkələrdə düşmən əleyhinə addımlar atılır. Lakin gəlin görək erməni mətbuatı bundan istinad edirmi?".

Onların cəzalandırılmasına gəlincə, baş redaktor söyləyib ki, burada əsas məsələ mənəviyyatla bağlı olduğu üçün ictimai qınaq köməyə gələ bilər: "Əgər yayılan məlumatlarda hüquq müstəvisini aşan heç nə yoxdursa, o zaman bununla bağlı qanunvericilik baxımından addım atmaq çətindir. Amma burada ictimai qınaq ola bilər. Media təmsilçiləri, jurnalistlər belə məsələlərdə vahid mövqedən çıxış etməklə bunun qarşısını ala bilərlər. Bu cür məsələlərdən reytinq güdmək düzgün deyil".