Sərbəst və qadın güləşi üzrə yığma komandalarımız daha bir beynəlxalq turnirdə iştirak edəcəklər. Onlar martın 3-4-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXI beynəlxalq turnirə qatılacaqlar. Bu haqda SİA-ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev məlumat verib.
Onun sözlərinə görə, qadın güləşi üzrə yığma komandamızın üzvləri artıq Kiyevdə Ukrayna, ABŞ, İsrail və Litva yığmaları ilə birgə təlim-məşq toplanışındadırlar: "Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın üzvləri turnirdə sınaqdan keçiriləcəklər. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.
Yarışda 9 sərbəst güləşçimiz mübarizə aparacaq. Onlar yığma komandanın baş məşqçisi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Yaqubovun rəhbərliyi altında yarışacaqlar. Heyətə Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Teymur Məmmədov, Məhəmməd Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Umar İsrailov (125 kq) daxil ediliblər".
Federasiya rəsmisi bildirib ki, turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək. O vurğulayıb ki, proqrama əsasən, martın 3-də sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar, martın 4-də isə 61, 70, 86 və 125 kq-da sərbəst, 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər yarışacaq.