"Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qəbul imtahanlarında iştirak üçün tariflər barədə qərar bu həftə ərzində Tariş (qiymət) Şurası tərəfindən elan edilə bilər: "Bizlazımi məlumatları Tarif Şurasına təqdim etmişik. İmtahanların vaxtını elan etmək üçün Şuranın qərarını gözləyirik.Yəqin ki, bu həftə ərzində Şura öz qərarını elan edəcək".
Direktorlar Şurasının sədri qeyd edib ki, DİM ilk buraxılış imtahanını martın 5-də keçirəcək: "İlkin layihəyə əsasən, martın 19-da və 26-da sınaq imtahanlarının keçirilməsi nəzədə tutulub. Ola bilsin ki, sınaq imtahanları bu həftə ərzində elan edilsin. Magistratura və rezidenturaya qəbulun 1-ci mərhələsi üzrə imtahanlar apreldən tez olmayacaq. Çünki mart ayında 1 həftə iş olmayacaq, daha sonra isə buraxılış imtahanlarının nəticələri yoxlanılacaq. Aprelin əvvəlində magistratura və rezidentura səviyyəsinə ilk imtahanın keçirilməsini nəzərdə tutmuşuq".