Azərbaycan RTQ Vaşinqtonda təqdim olunacaq

27 Fevral 2017 16:41 (UTC+04:00)

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı (RTQ) Vaşinqtonda təqdim olunacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı martın 1-dən 3-dək ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcək. Səfərin məqsədi ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək və ölkəmizdə aparılan iqtisadi islahatları, o cümlədən Strateji yol xəritələrini təqdim etməkdən ibarətdir.

V.Qasımlı xüsusi olaraq Prezident İlham Əliyev tərəfindən 2017-ci il 22 fevral tarixində yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına məlumat verəcək. Rəqəmsal Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

Qeyd edək ki, USACC tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və ABŞ-ı təmsil edən dövlət və biznes nümayəndələri iştirak edəcək.