Son günlər təcavüzkar Ermənistanın və Qarabağdakı separatçı hərbi birləşmələrinin cəbhə bölgəsində uğursuz təxribatlarının ardınca onların daha da həyasızlaşaraq törətdikləri əməllərini Azərbaycanın üzərinə yıxmaq cəhdləri yenidən müharibə ritorikasının gündəmə gəlməsinə səbəb olub. Lakin işğalçı ölkənin hərbi-siyasi dairələrinin məhz bu cür çirkin yollarla dünya ictimaiyyətini aldatmaları əslində düxildə baş verənləri daha çılpaq şəkildə ortaya qoymuş olur.
Məsələn, xatırlada bilərik ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində saxta referendum keçirərək Dağlıq Qarabağın adını "Artsax" olaraq dəyişdirməsi Azərbaycana qarşı davam edən aqressiyanın, işğalçılıq siyasətinin ardıdır. Çünki bütün mənalarda və tarixlər boyu Qarabağ bölgəsi və bu bölgədəki toponimlərin hər biri məhz Azərbaycanın qədim tarixi ilə bağlıdır. Düzdür, artıq uzun illərdir ki, yürüdülən işğalçılıq siyasəti üzündən orada bir çox toponim adları saxtakarlıqlar vasitəsilə erməniləşdirilib, hətta bəllidir ki, Qarabağda qədim alban kilsələri üzərindəki özünəməxsus və fərlqi xaçlar belə erməni apostol-qriqorian kilsəninin xaçlarına dəyişdirilib. Ümumiyyətlə, erməni təxribatının hazırkı məqamında da bu kimi amillərin rol alması şübhəsizdir.
Qarabağda qondarma referendum keçirilir, ardınca da cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində qanlı oyunlar oynanılmağa başlanır
Digər tərəfdən, ötən ilin aprelində Azərbacan Silahlı Qüvvələrinin cəbhədə birmənalı üstünlük əldə etməsinin ardınca, ermənilər tərəfindən belə təxribatların baş verəcəyini gözləməyə dəyərdi. Buradakıı köklü məqsəd isə Dağlıq Qarabağı Ermənistana birləsdirmək mənfur planının reallaşdırılması arzusu dayanır.
Digər bir amil isə bu ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkiləridir. Serj Sarkisyan isə bəlli olduğu kimi məhz Qarabağ klanının başçısı olaraq bu ölkəni çapıb-talamaqla məşğuldur. Çünki bəllidir ki, Ermənistan erməniləri heç vaxt Qarabağ erməniləri ilə yola getməyiblər. Hətta erməni dilini bilənlər də bir amili təsdiq edərlər ki, onların danışıq leksionlarında belə, ciddi fərqlər mövcuddur. O cümlədən, sosial-məişət və s. kimi məsələlərdə Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında köklü tərs-mütənasibliklər mövcuddur. Ümumiyyətlə, bu iki fərqli qollar arasında hər zaman aşkar düşmənçilik mövcud olub və artıq Ermənistanda Qarabağ ermənilərinin Köçəryandan başlayaraq Sarkisyana qədər ağalıq etmələri halı ilə barışa bilmirlər. Parlament seçkilərinin baş tutacağı tədqirdə Qarabağ klanı ölkənin və sadə ermənilərin qanlarını sümürməkdə davam edəcək. Əlbəttə, Sarkisyan rejimi bu və bu kimi digər vəziyyətləri arxa plana keçirmək üçün Qarabağda qondarma referendum keçirir, ardınca da cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində qanlı oyunlarını oynamağa başlayır.
Sarkisyanın erməni bicliyini faş edən daha bir sübut isə onun Rusiyaya səfər etmək və Vladimir Putinlə görüşmək planıdır
Əbəs yerə deyil ki, bir sıra ekspertlər də məhz həmin məsələ üzərində dayanırlar. Məsələn, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov da hesab edir ki, Ermənistanda parlament idarəetmə üsuluna keçid də Dağlıq Qarabağın ilhaqına daha münasib şərait yaratmaq üçün edilib: "Cunki belə olan halda atılan addımlara görə təkcə prezident və "Qarabağ klanı" yox, hamı cavabdeh olur. Bütün partiyalar səs verəndən sonra hamı bu məsələyə cəlb edilir".
Beləliklə, ekspertin də sözlərindən belə qənaətə gəlmək olar ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində vəziyyətin gərginləşməsi ermənilərin yaxşıca düşünülmüş planının tərkib hissəsidir. Yəni istər Ermənistan-Azərbaycan sərhədləri boyunca, istərsə də Qarabağdakı təmas xəttlərində yaranmış məlum gərginlik bu planları ört-basdır etmək üçün birbaşa prezident Serj Sarkisyanın göstərişləri ilə həyata keçirilir.
Sarkisyanın erməni bicliyini faş edən daha bir sübut isə onun Rusiyaya səfər etmək və Vladimir Putinlə görüşmək planıdır. Plan təxmini olaraq belədir – Sarkisyan cəbhədə gərginlik yaradır və bununla Putinə çatdırmaq istəyir ki, Rusiyanın nəzarətində olan cənub sərhədlərində (təmas xəttinin erməni tərəfində-R.N.) qeyri-stabillik var. O da əbəs yerə deyil ki, hadisələrin baş verməsinə qədər Ermənistanın xarici işlər naziri, ardınca isə müdafiə naziri Azərbaycanı hədələməklə məşğul idilər. Hətta müdafiə naziri ikinci nəsil köhnəlmiş "İskəndər" raketləri ilə rəsmi Bakıya hədə-qorxu gəlməyə də cürət etmişdi.
Başqa tərəfdən, Xocalı soyqırımının 25-ci ildönümünün qeyd olunduğu bir ərəfədə, dünyanın bir çox ölkələrində bu genosidin baş verməsinin yad edilməsi bir zamanda beynəlxalq birliyin fikrini bu qanlı hadisədən yayındırmaq üçün bəlli gərginliyə əl atıldı.
Daha bir faktor Azərbaycanın Avropa Birliyi ilə hazırlanan sazişin və neft-qaz anlaşmalarının reallaşmasına mane olmaqdır.
Bütövlükdə isə Sarkisyan son vaxtlar Azərbaycanla-Rusiya arasında olan isti münasibətləri pozmağa çalışır.
Erməni KİV-ləri: "...Bununla da xalqda müharibə panikası yaranır ki, hakimiyyət də həmin imkanı əldən verməyərək, xalqı istədiyi kimi idarə edir"
Lakin Ermənistan prezidentinin bicliklərinin onun öz hədəfinə çatmasına imkan verilməyəcəiyni bəri başdan söyləmək olar. Ən azından, bu gün Ermənistanın KİV-ləri, xüsusilə hakim Qarabağ klanına bağlı olmayan mətbuatında biz bəzi etirafların şahidlərinə çevrilməkdəyik.
Onlardan yalnız birinə diqqət yetirək və nəticə çıxaraq. SİA-nın məlumatına görə, Ermənistanın 1.in.am saytının rus dili səhifəsində erməni analitiki Musa Mikaelyanın yazısında bildir ki, son günlər Qarabağda Azərbaycanla təmas xəttində qeydə alınan gərginlik belə bir fikir yürütməyə əsas verir ki, müharibə yenidən başlaya bilər.
"Bu kimi müzakirələr bizim aramızda nə başladılmalı, nə də başa çatdırılmalıdır və həmin müzakirələri ya eşidiləcək tərzdə aparmaq, ya da ümumiyyətlə susmaq lazımdır"-deyə qeyd edən erməni analitiki qeyd edir ki, Ermənistanda sözügedən müzakirələr başladılır, sonra isə paralel olaraq unudulur.
M.Mikaelyan yazısında sual edir: "Bu, bizim əsas ictimai-siyasi səhfimizdir ki, uzun illərdir təkrarlayırıq. Bəs bu səhfin kökündə dayanan nədir?"
Erməni analitik bildirir ki, burada əsas təqsirkar mövcud hakimiyyətdir: "Ermənistanda hakimiyyəti ələ keçirmiş qrup, yaxud klan mövcuddur. Onlar ictimai rəyə təsir edərək, müharibə məsələsində total şəkildə yalan danışır və yalançı sevinc hissləri yaradaq müharibə məsələlərinin dövlətin yurisdiksiyasında, cavabdehliyində olduğunu aşılayır. Həqiqətdə isə əziyyət çəkən yenə də xalqdır".
Musaelyan yazır ki, Ermənistanda məhz bu yolla dövlət təhlükəsizliyini təmin etməyə çalışan ictimai müqavimətin qarşısı alınıb: "Hakimiyyət tək şəkildə manevr etmək imkanı əldə edib və kulisarxası siyasətdə də bu məsələ ətrafında siyasət yürüdür. Bununla da xalqda müharibə panikası yaranır ki, hakimiyyət də həmin imkanı əldən verməyərək, xalqı istədiyi kimi idarə edir".
Göründüyü kimi, fakt budur ki, erməni xalqı, eləcə də işğal altında yaşayan və de-yure Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri artıq Sarkisyan rejimi tərəfindən qanlarının sovrulmasını istəmirlər, bunu açıq-aydın şəkildə etiraf edirlər. Və əgər Sarkisyan hələ də eyni siyasəti yürüdəcəyini düşünərək uzun müddət Ermənistanın prezidenti kimi qalacağını hesab edirsə, yanılır. Ən azından, ötən il baş verən aprel qələbəmiz onun yanılmasının məntiqi nəticəsidir. Görünür, belə davam edərsə, onda yenidən həmin dərsi verməyin vaxtı çatıb.
Rövşən NURƏDDİNOĞLU