"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının Bakıda keçirilməsi dekoderlərin Azərbaycanı həm siyasi, həm də iqtisadi tərəfdən tam dəstəklədiyini göstərir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, bu toplantı eyni zamanda layihənin həyata keçirilməsində ölkəmizə maneə olan qüvvələrə birlik nümayişi kimi qiymətləndirilə bilər: "Hazırda dünya iqtisadiyyatında baş verənlər ölkəmizin maliyyə sistemində də müəyyən gərginliklər yaradıb.
Bu vəziyyət "Cənub Qaz Dəhlizi" kimi iri layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə institutları, iştirakçı ölkələr tərəfindən maliyyə dəstəyinə ehtiyac yaradır. Belə bir şəraitdə son həmrəyliyin Bakıda nümayiş etdirilməsi, Azərbaycanın növbəti dövrlərdə avantajlarını artıracaq, eyni zamanda layihənin icra edilməsi zamanı ortaya çıxacaq texniki, iqtisadi, siyasi problemlərin həllində ortaq mövqeyin əldə edilməsinə imkanlar açacaq".
Ekspert qeyd edib ki, sözügedən toplantının protokol çərçivəsindən son toplantı adlandırmaq olar, lakin "Cənub Qaz Dəhlizi"nin tikintisi başa çatmadığı üçün bu kimi görüşlər format dəyişməmək şərti ilə növbəti dövrlərdə də mütəmadi olaraq davam etdiriləcək: "Bilirsiniz ki, "Cənub Qaz Dəhlizi"nin tikintisi hələ başa çatmayıb. Onun ikinci mərhələsi hesab olunan TAP-la bağlı bölümün 2020-ci ildə tikilib təhvil verilməsi gözlənilir. Lakin Azərbaycan, eləcə də region qazının uzun müddət dünya, eləcə də Avropa bazarlarına çatdırılması ilə bağlı müxtəlif layihələr ortaya çıxdı. Misal üçün Nabucco daha geniş, bir çox ölkələrin maraqlarını əhatə edən layihə olsa da, onun ortaya çıxma dövrü müəyyən mənada uğursuz oldu. "Cənub Qaz dəhlizi" layihəsi çərçivəsində Xəzər hövzəsi ölkələrinin qazının gələcəkdə hansısa formada daşınmasının təşkil olunması masa üzərində əsas təkliflərdən biridir. Amma buna baxmayaraq, aparılan danışıqlar hələ də öz nəticəsini vermir. Bu baxımdan bugünkü görüşü sənəd üzərində yekun adlandırsaq da, bu cür görüşlər növbəti dövrlərdə də davam etdiriləcək.Amma ümumilikdə bugünkü görüşün layihənin həyata keçirilməsində birmənalı olaraq siyasi dəstəyin olması baxımdan mühüm əhəmiyyəti var".
Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası öz işinə başlayıb. "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.