Həyat qəribəliklərlə doludur. İnsanlar müxtəlif oldugu kimi, taleləri, həyat hekayələri də müxtəlifdir. Biz onunla uşaqlıq çağlarından tanış idik. Hər ikimizin nəğməli səsi və avazı olduğundan rayon bədii özfəaliyyət kollektivinin tərkibində tədbirlərdə iştirak edirdik. Dəfələrlə respublika bədii özfəaliyyət olimpiadalarında və festifallarında müvəffəqiyyətlə çıxışlar etmiş, respublikanın görkəmli incəsənət xadimləri qarşısında imhatan vermişdik. O vaxtlar bədii rəhbərimiz mehriban və gülərüzlü insan, mahir klarnet ifaçısı Rafiq Axundov idi. Musiqi kollektivinə isə gənc olmasına baxmayaraq istedadlı və ecazkar tar ifaçısı Şaiq Rəfi oğlu Həsənov rəhbərlik edirdi. Şaiq dövrünün görkəmli pedaqoqu, böyük maarif xadimi, xalq müəllimi, çoxlu dillər bilən, idman əhli, ətraf rayonlarda da çox yaxşı tanınan elm-bilik ziyası ilə saysız insanlara savad, mərifət, irfan işığı vermiş Rəfi Həsənovun oğlu idi. (Bu ziyalı haqqında çoxlu yazılar yazılıb. Bunlardan biri də bu yazının qəhrəmanının qələmindən süzülüb, həyat işığı görüb.)
Atalarımız da dostluq edirdilər. Nuru kişi balacaboy, arıq, cılız bir kişi idi. Atam da eynən. Mən onlara tez-tez gedirdim. Nuru əmi "Quran" əhli olduğundan onun şaqqanaq çəkib güldüyünü görməmişdim. Xəfif gülümsəyərdi. Ciddi adam idi. Daim gözlərində və çöhrəsində bir narahatçılıq sezilərdi. Atam isə müəllim işləyirdi. Bu iki şəxsin arasinda həm cismani, həm də mənəvi oxşarlıq vardı. Atam da çox ciddi adam olduğundan həmişə qayğılı görünərdi. Elə bil dünyanın dərd-sərini çiyinlərinə yükləmişdilər. Qəhrəmanımın anası Səfurə xala ucaboylu, iri cüssəli idi. İntizamı və zabitəliyi səbəbindən səkkiz oğul övladı ondan tük tökürdü. Övladları analarına həm hörmət edir, həm də çəkinirdilər. Çox qeyrətli arvaddı Səfurə xala. Bəzən uşaq düşüncəmlə fikrləşirdim ki, əgər böyük Yaradan Səfurə xalanı kişi yaratsaydı, ondan qorxmayan tapılmazdı.
Böyük ailə maddi çətinliklərlə tez-tez üzləşirdi. Buna baxmayaraq övladlarının hamısını yaxşı tərbiyyə etdi Nuru kişi. Kiçik yaşlarından onları əməyə, təhsilə, zəhmətə alışdırdı.
Orta məktəb illəri yel kimi hiss olunmadan keçdi. O, əvvəl ilk ibtidai pedaqoji təhsil aldı. Sonra qiyabi olaraq ali məktəbi bitirdi. Həyatının uğurlu, uğursuz məqamları oldu. Həm müəllim, həm komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışdı. Təzyiqlərə, nahaq böhtanlara məruz qaldı. Yıxılmadı, əyilmədi, sınmadı, ayaqları üstündə möhkəm duraraq iradə və əzmkarlıq, mübarizlik göstərdi Ələşrəf Niftiyev. Oddan-alovdan keçsə də özünün təmiz adını qorudu. Vicdanlı vətəndaş olduğunu müxtəlif səlahiyyətli orqanlarda sübut etməyi bacardı. Bu yazının baş qəhrəmanı Ələşrəf Niftiyev təkcə Masallı rayonunda deyil, ondan xeyli kənarlarda da yaxşı tanındığından onun tərcümeyi-halına ekskurs etmək fikrindən xeyli uzağam.
Müstəqilllik dövründə 16 il Masallı rayon İcra Hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini işlədi Ələşrəf müəllim. Səmərəli fəaliyyəti dövründə tərcümələri, publisistik yazıları ilə respublika mətbuatında ardıcıl çap olunaraq, çoxlu oxucu kütləsi qazandı. Bu illərdə dövlətimizin bir çox mükafatları ilə təltif olundu.
Yəqin ki, oxucu, bu yazıda adını əvvəldə çəkməsəydim belə onun mənalı ömrünü dövlətə, vətənə, xalqa xidmətdə keçirmiş Ələşrəf Nuru oğlu Niftiyev olduğunu anlayacaqdı. Ələşrəf müəllim üçün ən böyük mükafat Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyun 2007-ci il tarixli sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyətinə görə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmasıdır. Bu orden həqiqətən də Vətənə çox böyük sədaqətlə qulluq edənlərə verilir. Bu orden Vətənini, xalını dərin məhəbbətlə sevənlərə verilir. Bu orden dövlətinə, dövlətçiliyinə sədaqətlə qulluq edənlərə verilir. Bax, bütün bu cəhətlərin də hamısı Ələşrəf Niftiyevdə var.
Yuxarıda biz Ələşrəf müəllimin peşəkar jurnalist kimi yüzlərlə məqalə müəllifi olduğunu söyləmişik. O, yazıçılıq fəaliyyətini davam etdirərək "Ömür yolu, nur yolu", "Oğul, bu Qurana and iç ki", "Kiçiklərə, böyüklərə və hər kəsə", "Haqqın gücü", "Həyatımın həqiqətləri", "Hər kəs qədrini yaşar" kitablarını çap etdirdi. Bu əsərlərin müsbət və mənfi qəhrəmanları realdı, çoxları onun əmək fəaliyyəti ilə bağlılığı olub, bəziləri onunla ziddiyyətdə, digərləri mehriban münasibətdə olublar. Yazıçı bəzilərinin adlarını dəyişsə də, oxucu bu prototivlərin kimlər olduğunun fərqinə varır. Əsərləri gənc nəslin təlim-tərbiyyəsinə, mübarizliyinə, böyüklərə, ustadlarına-müəllimlərinə, valideynlərinə və Vətənə məhəbbət ruhunda tərbiyyə olunmasında mühüm əhəmiyyət daşıyır. Deyirlər sevinclə kədər qoşa yaranmışlar.
Ələşrəf müəllimin keşməkeşli keçən acılı-şirinli həyatında sevinci də çox olub, kədəri də...
Keçən ilin noyabrın ilk günlərində şad xəbər aldı Ələşrəf müəllim. Onu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul etmişdilər. Bu şad xəbəri ona ərkivanlı balası, respublikamızın görkəmli tənqidçi alimi, filologiya elmləri doktoru, professor Vaqif Yusifli telefonla bildirmişdi. Ələşrəf müəllimin bəlkə də sevincini böldüyü ilk adamlardan biri mən oldum. Çox sevindim və qələm dostumu ürəkdən təbrik etdim. Çox təəssüf ki sevincinin ömrü az oldu. Bu hadisədən on gün keçməmiş Ələşrəf müəllim bir neçə il əvvəl xəstə yatan ömür-gün yoldaşı Səmayə xanımı axirət dünyasına yola saldı. Hüzn hadisəsindən bir gün öncə MƏSQVT-nin rayon şöbəsinin sədri, ehtiyatda olan polis polkovnik leyninantı Məmmədağa Şiriyevlə Ələşrəf müəllümü yoluxmağa getmişdik. Onsuz da tez-tez telefonla əlaqə saxlayıb xəstənin vəziyyəti ilə maraqlanırdım. Bir saatadək söhbət etdik. Xəstənin vəziyətinin ağır olduğunu dedi. Ürək-dirək verdik. Bu qəmli hadisədən artıq ikinci aydır keçir. Ələşrəf müəllimə başsağlığı verir, ona uca Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin. Sonda düşünürəm ki, həyat burulğanlarında ömrü boyu bərkiyərək möhkəm iradə sahibi olan Ələşrəf müəllim bu acı və üzüntülü sınaqdan da mətanətlə çıxacaqdır.
Sevinclə-kədər qardaşdır deyib ulular. Artıq bir neçə gün bundan qabaq Ələşrəf Nuru oğlu Niftiyev Masallı rayon Ağsaqqallar Şurasının sədri seçilib. Belə böyük rayonun Ağsaqqalllar Şurasının sədri olmaq elə də asan deyil. Bu işi də yalnız Ələşrəf müəllim kimi rayonda böyük hörməti olan, yüksək savadlı, təfəkkürlü, hər bir insanla tez dil tapan, respublikada böyük hörməti-izzət sahibi olan və böyük təşkilatçı insan uğurla yerinə yetirə bilər. Çünki masallılar ona çox inanır və etibar edirlər. Deməli, Masallı Ağsaqqalllar Şurası etibarlı əllərdədir. Bu rayonun müdrik ağsaqqalları Ələşrəf müəllimlə birlikdə bundan sonra da Azərbaycan dövləti və dövlətçiliyi üçün əllərindən gələni edəcəklər.
Şərafət Sadiqoğlu.
"Qızıl qələm" media mükafatı laureatı