"Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması kifayət qədər diqqəti cəlb edən və əhəmiyyətli bir hadisədir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
MŞ sədrinin sözlərinə görə, bəzi insanlar bu məsələni siyasiləşdirməklə məşğuldurlar: "Hətta bəzi insanlar bunu söz və mətbuat azadlığı müstəvisində həll etməyə səy göstərirlər və burada Azərbaycan tərəfini ittiham edirlər. Əslində baxdıqda isə bu söz və mətbuat azadlığından istifadə edərək hər hansı bir separatçı tərəfi dəstəkləmək üçün atılmış addımdır. Biz haqlı olaraq sonadək dayandıq və Lapşinin Azərbaycana gətirilməsinə nail olduq. Bu Azərbaycan dövlətinin, tərəfinin bir daha qətiyyətini göstərir ki, biz Dağlıq Qarabağ məsələlərində hər zaman ciddi olacayıq. Azərbaycanın qanunlarını pozan vətəndaşlar yaşadığı ölkəsindən, milliyətindən, cinsindən, irqindən asılı olmayaraq özünün layiqli cəzasını ala biləcəklər.
Aleksandr Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma "Dağlıq Qarabağ Respublikası"nın təbliğatını aparan şəxslərə mesaj oldu, onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edir. Bu da Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma "DQR"-i təbliğ etmək siyasətini iflasa uğradan ciddi zərbədir".