Azərbaycan ailələrində uşaq doğulduqdan sonra ən çox müzakirə edilən məsələ yeni doğulan körpəyə hansı və ya kimin adının verilməsidir. Hətta bəzən bu məsələyə görə ailələrdə müəyyən problemlər də yaranır. Belə ki nənə- baba uşağa daha qədim, gənc ailə isə daha müasir ad qoymağa üstünlük verir. Hətta bəzən yeni doğulan körpəyə ölən qohumun adının verilməsi hallarına da rast gəlirik. Amma nədənsə, dil açmayan körpənin seçim imkanı olmadığı üçün böyüklər tərəfindən qoyulan adın acı nəticələrini məhz uşaqlar çəkməli olurlar. Hətta böyüdükdən sonra adına görə utanan uşaqların olduğunu da deyə bilərik. Bəs ad seçərkən nəyə diqqət etməli və dinimizə görə adların uşağın taleyinə təsiri varmı?
SİA bu sullara cavab tapmağa çalışıb.
Məsələnin psixoloji tərəflərini açıqlayan psixoloq Gülnarə Muxtarova bildirib ki, valideynlər uşağa ad qoyarkən diqqətli olmalıdırlar: "Çünki, ad uşağın xarakterinə, taleyinə və psixologiyasına təsir edir. Bəzən uşaqlara gülünc adlar qoyulur. Düzdür, hazırda bu hal qanun çərçivəsində öz həllini tapıb. Amma buna baxmayaraq, bəzi hallarda yenə də belə adlara rast gəlmək mümkündür. Gülünc adların qoyulması gələcəkdə uşaqların psixologiyasəna təsir etməklə yanaşı, yoldaşları arasında onun utanmasına səbəb ola bilər. Belə halda, uşaqların özgüvəninin aşağı düşür ki, bu da mənfi psixoloji təsirlərə yol aça bilir".
Bəzi ailələrdə adla bağlı müəyyən mübahisəli məqamların olduğunu deyən G. Muxtarova söyləyib ki, bu mövzuda tərəflər bir-birini başa düşməlidirlər: "Bəzi ailələr bu məsələni uşağa nənə-babasının, yaxud da rəhmətə getmiş yaxın qohumunun adını verməklə həll edir. Belə hallarda da böyüklər diqqətli olmalıdırlar. Çünki onların qoyduqları adlar gələcəkdə uşağın həmin addan narazılığına gətirib çıxara bilər".
Psixoloq əlavə edib ki, uşağa qoyulan ad onun gələcəyinə təsirsiz ötüşmür: "Hər uşaq öz adına görə cəmiyyətdə yer tutur. Uşağa verilən ad onun xarakterinə, şəxsi inkişafına təsir edir. Buna görə də bəzi hallarda ailədən tamamilə fərqli xarakterdə uşaq çıxır".
İlahiyyatçı Hacı Elşən Əlizadə isə bildirib ki, İslam dinində adlar xüsusi yerə malikdir: "Quranda Həşr sürəsində buyrulur ki, ən gözəl adlar, sifətlər Allaha məxsusdur. Ad Allah Təalanın özündən gələn nemətdir".
Onun sözlərinə görə, övlada yaxşı ad qoymaq valideynin boynunda Tanrı tərəfindən qoyulan vəzifədir: "Xüsusilə də atanın övladına yaxşı ad qoyması onun boynunda olan ilk vəzifədir. Lakin ad qoyarkən onun məna baxımında gözəlliyinə diqqət yetirilməsi daha önəmlidir. Bəzən cəmiyyətimizdə uşaqlara hansısa serialların, kino qəhrəmanlarının adlarını qoyurlar. Lakin bu o qədər də ürək açan hal deyil. Çünki bu adlar uşaqların gələcək psixologiyasına təsir edə bilər. Əgər valideynlər ad qoymaq baxımından çətinlik çəkirsə, İslam, Azərbaycan tarixində kifayət qədər şəxsiyyətlər var ki, onların adlarını qoymaq olar. Ümumiyyətlə, İslam dininə əsasən doğulan uşaq oğlandırsa 1 həftə ərzində Məhəmməd, qızdırsa Fatimə deyərək səslənməsi məsləhət görülür. Bir həftədən sonra isə valideynlər övladına istədikləri adı qoya bilərlər. Uşağa ad qoyarkən onun bala, ata, əmi, dayı, baba deyərək səslənəcəyinə də fikir verməlidirlər".
İlahiyyatçi söyləyib ki, nədənsə cəmiyyətimiz uşaq doğulmazdan qabaq onu dindən uzaqlaşdırmağa çalışırlar: "Təəssüf ki, cəmiyyətimizin müəyyən təbəqəsi namaz qılan, məscidə gedən insanı molla kimi qələmə verirlər. Lakin bu absurddur. Hansı ki, onları səsləndirməyin özü belə qəbahətdir. İnsan ilk növbədə onu yaradanı tanımalıdır. Bu baxımdan bəzən cəmiyyətimizdə yeni doğulan körpəyə Əli, Fatimə, Həsən, Hüseyn adları qoymağa qorxurlar. Onlar düşünürlər ki, həmin uşaqlar böyüdükdə mütləq dindar olacaqlar. Lakin valideynlər bundan qorxmamalıdır. Əksinə düşünməlidirlər ki, bəlkə də uşaqlar onlara qoyulan adın məsuliyyətini dərk edib pis əməllərdən çəkinə bilərlər".
Məlumat üçün nəzərinizə çatdıraq ki, Ədliyyə Nazirliyinin bu ilin yanvar ayında Azərbaycanda doğulan uşaqlara verilən adlarla bağlı statistikasında qeyd edilir ki, ötən ay dünyaya gələn oğlan uşaqlarına daha çox Yusif (101), Əli (60), Məhəmməd (51), Ömər (49), Uğur (43), Hüseyn (41), Murad (38), Tunar (36), Ayxan (31), Ümid (25), Həsən (22), İbrahim (22), Kənan (21), Ramal (18), Raul (18) adları qoyulub.
Yeni doğulanlara verilən adlar arasında Fərid, Nicat, Cavid, Fuad, İsmayıl, Məhəmmədəli, Rza, Sadiq, Emil, Nurlan, Fərid, Nihat, Cavidan, Onur, Mehdi, Rəsul, Səid, David, İlkin, İslam, Nihad, Rüstəm, Tuncay, Vaqif, Yunis, Emin, Əbəlfəz, Eldar, Abbas, Amin, Adil, Nuran, Rəvan, Rövşən, Sənan, Sərxan, Sübhan, Süleyman, Tamerlan, Turan, Adəm, Elcan, Əkbər, Elgün, Nahid, Rafiq, Rəşad, Roman, Röyal, Ülvi, Vəli, Elxan, Əhməd, Cavidan, Bəxtiyar, Altay, Abdulla, Əmirxan, Fateh, Həmid, İmran, İsa, Kamal, Kamil, Mikayıl, Nazim, Polad, Ramiz, Rauf, Rəhman, Renat, Ruslan, Sahib, Şahin, Şakir, Sərdar, Toğrul, Ümid, Yaqub, Yusuf, Ziya, Abuzər, Ağaverdi, Alim, Arif, Anar, Amir adları ilk sıralarda yer alıb.
Qız uşaqlarına isə ən çox Zəhra (76), Nuray (58), Aylin (50), Mələk (49), Zeynəb (49), Məryəm (48), Fatimə (43), Dəniz (38), Damla (33), Xədicə (31), Leyla (30), Mədinə (28), Ayan (27), Gülay (27), Səma (27), İnci (26) adları verilib.
Bundan başqa, ötən ay qız uşaqlarına Ayla, Fidan, Nigar, Banu, Nilay, Aysu, Fəridə, Aydan, Əsma, Sunay, Nərgiz, Nur, Rüqəyya, Sevinc, Sofiya, Yağmur, Əsmər, Dilək, Humay, Miray, Nərmin, Ayşən, Aysun, Bahar, Cəmilə, Əsmanur, Firuzə, Duyğu, Əsnad, Lalə, Ləman, Mehin, Nazlı, Nəzrin, Rəhimə, Sara, Səbinə, Səidə, Yeganə, Əsra, Esma, Emiliya, Əminə, Elif, Aytac, Aynur, Aidə, İradə, Məlahət, Nailə, Nazlı, Nuranə, Qumru, Selcan, Şəms, Sevda, Sevgi, Solmaz, Sunay, Züleyxa, Zümrüd, Amira, Asya, Aybəniz, Aişə, Aysel, Bəsti, Bənövşə, Banuçiçək, Ayna, Büşra, Dərya, Ceyla, Elay, Fatma, Gülarə, Gülər, Gülnur, Günel, Günəş, Hənifə, Hicran, Könül, Mehri adları da qoyulub.