Yeni şeirlər

28 Yanvar 2017 17:33 (UTC+04:00)

Qəzəllər

Bu vəfa sahibinin sevgisi pünhan yaranıb.

Sevgini car eləməkçün əcəb imkan yaranıb.

Düzəcək kəlmələri inci kimi misrayə,

Yenə söz zinətini yığmağa ümman yaranıb.

Kim isə saldı nifaq, yad elədi yarı mənə,

Məni yad eyləməyir, ortada hicran yaranıb.

Batini, zahiri hər ləhzə mizan etmək üçün,

Özgə bir vasitə yox, yaxşı ki, vicdan yaranıb.

Elə ki, xəlq elədi Rəbbimiz Adəm babanı,

Dedilər yer üzünün, əşrəfi - insan yaranıb.

Nəfsi çün oldu səbəb, cənnəti təfk etdi nənəm,

Car olub aləmə Həvva dəxi üryan yaranıb.

Bilməyə quş dilini cəhd elədi çox nadan,

O dili anlamağa təkcə Süleyman yaranıb.

Baş vurur tarixə elm əxz eləməkçin Munis,

Çox şeyi əxz eləməkçin bizə Quran yaranıb.

***

Bu dünyadan səfa umma, o qəmxanə, o qəmxanə,

Dözüb dərdə dəva umma, o biganə, o biganə.

Könül mülkündə şahdır qəm, əcəb gözdən uzaq, mübhəm,

Kədər mənlə olub həmdəm, o həmxanə, o həmxanə.

Qanadından çəkib pərdə, görünməz hər baxan fərdə,

Olar o nur olan yerdə, o pərvanə, o pərvanə.

Səadət qöncəsi soldu, ümidim saçların yoldu,

Bahar ömrüm xəzan oldu, o viranə, o viranə.

Yetib ömrün xəzan fəsli, hanı əfsanənin əsli,

Hanı Leyli? Hanı Əsli? O əfsanə, o əfsanə?

Gözümdən incilər axdı, yanağı yandırıb, yaxdı,

Yığıb yad ovcuna baxdı, o dürdanə, o dürdanə.

Sən oldun məhvimə bais, balıqdan qurtulub Yunis*,

Qəm içrə qərq olur Munis, o divanə, o divanə.

***

Sınıq könlüm muğam üstə dinər ahəstə-ahəstə,

Yanaq alma, dodaq püstə, dinər ahəstə-ahəstə.

Deyər bağçam, bağım soldu, bahar ömrüm xəzan oldu,

Xəzəldən bağlayıb dəstə, dinər ahəstə-ahəstə.

Təravət tərk edib canı, nəzərdən saldı cananı,

Deyər soldu bu növrəstə, dinər ahəstə-ahəstə.

Canım qərq oldu dərd içrə, görüşmək qaldı ta həşrə,

Həlal eylə -deyər xəstə, dinər ahəstə-ahəstə.

Dinər qəmli kaman ağlar, kaman ağlar yaman ağlar,

Yarımçıq qaldı çox bəstə, dinər ahəstə-ahəstə.

Qələm sındı, varaq qaldı, yazıq Munis oyaq qaldı,

Sınıq könlü müğam üstə, dinər ahəstə-ahəstə.

***

Heca şeirləri

Öldürə bilməzsən məni özündə

Qədir ağacında saraldı yarpaq,

Mən solğun çiçəyəm sənin gözündə.

Çəksəm də sinənə dağ üstünə dağ,

Öldürə bilməzsən məni özündə.

Qəlbində basdıra bilməsən məni,

Ürək bu məzarı gəzdirə bilməz.

Bülbül tərk edəndə gülsüz çəməni,

Demə, bağ bülbülü bezdirə bilməz.

Bir ömür ümidlə səni gözlədim,

Elə sevən yoxdur sözə gəlməsin.

Hənanın altında saçı gizlədim,

Saçımın ağlığı gözə gəlməsin.

Bəzən qocalara tənə edirəm,

Yaşı qeyd etmirəm, yaşa dolmayım.

Ad günü gələndə evdən gedirəm,

Qocalıq gələndə evdə olmayım.

Mənim saçlarımda dağların qarı,

Bəlkə sinəmdəki dağın qarıdır.

Əsri eyləsəm də yaşımla yarı,

Elə güman etmə, Munis qarıdır...

***

Apar gedən yerə özünlə məni

Elə bil mənimlə qəsdə durmusan,

Yazıb acı sözdən saray qurmusan,

Yaranın üstünə yara vurmusan,

Sağalt bircə şirin sözünlə onu.

Dağladın bağrımı bir lalə kimi,

Açmışam ovcumu piyalə kimi,

Axır göz yaşlarım şəlalə kimi,

Qurut kipriyinlə, gözünlə onu.

Daha arzuların açılmaz gülü,

Ümid zəmisinin yoxdu sünbülü,

Sevgi ocağının sovrulub külü,

Bacarsan alışdır közünlə onu.

Kəlam güllərindən bağlanıb dəstə,

Munis son sözünü deyər ahəstə,

Səfər üstündədi bu ağır xəstə,

Apar gedən yerə özünlə onu.

***

Mənsur şeirlər

Yeni ilin yeni küknar ağacı...

Artıq yeni ilin küknar ağacları yığışdırılır.

Mən isə özümə yenidən bir küknar ağacı bəzədim.

Yam-yaşıl ağacın ən uca budağından EŞQ adlı bir bəzək asdın, o biri budaqdan SEVGİ, bir başqasından MƏHƏBBƏT, birindən VƏFA, birindən ETİBAR, bir budaqdan ÜLFƏT, başqa bir budaqdan SƏDAQƏT, bir budaqdan FƏRƏH, birindən UĞUR, o birindən SƏMİMİYYƏT, birindən İNAM, o birindən SƏADƏT, birindən AİLƏ, birindən İMAN, bir budaqdan DƏYANƏT, o birindən ÜMİD, bir budaqdan HƏQİQƏT, o birindən ƏDALƏT, bir budaqdan ÜNSİYYƏT, o birindən XOŞBƏXTLİK, lap axırda isə balaca bir budaqdan MƏRHƏMƏT adlı bəzəklər asdım.

Ən ucada İlahi EŞQ, ən sonda isə MƏRHƏMƏT...

Bəlkə yadımdan çıxan bir bəzək adı var? Varsa, mənə xatırladın, qoy bəzədiyim küknar zəngin olsun.!!!

Belə bir ağacı h.ər evdə bəzəməyə ehtiyac var.

Hər evdə bu bəzəklərin həqiqi olanına ehtiyac var!!!

Həqiqi və təbii...

13. 01. 2016

O canlı imiş...

...səninlə küləkli bir havada rastlaşdıq...

Salamlaşanda ağ köynəyinin çiynində saçının bir telini gördüm.

Yəqin o teli külək qoparmışdı.

Ehtiyatla qara saçı ağ köynəyin üstündən götürüb əlimdə olan kitabın arasına qoydum.

Sən təəccüblə dedin:

-Neynirsən onu? O ki, cansızdır...

O vaxt sənə cavab vermədim...

Evdə o qara teli xatirə dəftərimin arasına qoydum.

İllər keçdi...

Bir gün gözlənilmədən yenə rastlaşdıq.

Saçların bəm-bəyaz idi.

Yenə külək saçlarını qarışdırmışdı...

Mən ayaq saxladım...

Məni tanımadın, yanımdan ötüb keçdin.

Evə gəlib xatirə dəftərimin arasına qoyduğum həmin o qara telə baxdım.

O, qap-qara idi.

Sənin cansız dediyin bir tel səndən daha canlı, daha etibarlı imiş.

O elə olduğu kimi qalmışdı...

Gənclik illərində olduğu kimi...