ÖMRÜMÜN
Şirindi bu həyat, çiçəkdi, baldı,
Qüssə, kədər arısıdır ömrümün.
Qəlbimdən keçənlər qəlbimdə qaldı
Kəm qismətim ağrısıdır ömrümün.
Bu əməl dünyada itdim əməlli,
Pünhan saydıqlarım gözümdən bəlli,
Dərya dərdə nəyi bilim təsəlli?
Ümid, güman çarəsidir ömrümün.
Taleyimdən daşlar kimi ötüşdü,
Yanağımdan yaşlar kimi ötüşdü,
İllər hanı? Quşlar kimi ötüşdü
Yaşamadımyarısıdırömrümün.
Ay BACIM
(bacım Əlvana)
Kimisinin dərya qədər sevinci,
Kimisinin kədəri var, ay bacım,
Üzə düşüb hamı gülür, danışır,
Kimin kimdən xəbəri var, ay bacım.
Yazan yazıb, bəxt önündə biz naçar,
Ahımdan fələyin küməsi uçar,
Bağlayan bağlayıb, bir gün də açar
Ömrün qəza-qədəri var, ay bacım.
Dünya yoldur, hesabı yox keçənin,
Cavabı yox nə üçünün, necənin,
Unutma ki, hər qaranlıq gecənin
Bir işıqlı səhəri var, ay bacım.
* * *
Qəbir üstə bitən ağac
o baş daşı dərdimdi
durmusan dərdimlə qoşa
sənə can verən
torpağa qarışıb
canım qədər sevdiyim insan
ruhum payız görkəmin
sapsarı, pərişan.
Nə hüznlü pıçıldayır
yarpaqların
yaxın bir kəsim kimi
oxşayımmı,
sığınımmı sənə
əzizimin kölgəsi kimi.
* * *
Könlüm
kimsəsiz bir ev idi
insan nəfəsinə
həsrət
gəldin...
hənirinlə isindi
qışın əvvəlində
günəşə aldanan ağac tək.
getdin...
itdin buludlarda
Ay kimi
oturmuşam üzü qaranlığa
var-yoxu əlindən getmiş
Bəy kimi.
* * *
Kiridəcəm
ürəyimi,
Kiridəcəm dərdi, qəmi
Unudacam bu gündən səni,
unudacam.
… Çox da ki,
dodağının həsrətindən
çat-çat olub
dodaqlarım,
Buza dönüb yanaqlarım,
yanına gəlmək üçün
ürəyimdən
işarə gözləyir ayaqlarım
…Çox da ki,
gəlişinə ümid edib,
yol gözləyir
gözlərim,
Əlimdə qələm titrəyir
Qan ağlayır
sözlərim.
Alışacam,
alışacam tənhalığıma.
Sən mənim
ömrümə qılınc,
başıma qaxınc,
Sevincimin qənimi.
… Ah bilmirəm,
bilmirəm nə istədiyimi.