Yaradıcılığını böyük həvəslə izlədiyim Gülnarə Cəmaləddin çox maraqlı şairlərdən biridir. Öz yaradıcılığına çox cidddi olan Gülnarə xanım hər bir söz üzərində çox dərin düşünür. Mən özüm bunun dəfələrlə şahidi olmuşam. Çünki o, adi bir yazını da çox böyük cavabdehliklə yazır. Hətta danışanda da hər sözünə, cümləsinə fikir verir ki, qarşı tərəfdəki insanla apardığı müsahibəyə maraq yarada bilsin. Bu da çox dərin düşüncəli insanlara məxsusdur. O, Sumqayıt Dövlət Universitetini bitirib. 1988 – ci ildən əbəbi mühitdədir. "Gileyliyəm" adlı ilk şeiri "Sosialist Sumqayıtı" qəzetində dərc edilib. Sonralar Dünya Gənc Türk Yazarlar Birliyinin tərtib etdiyi "Türkün səsi", Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin tərtib etdiyi "Bizdən sizə qalan sözdü" almanaxlarında "Ulduz , "Azərbaycan jurnallarında və digər mətbu orqanlarında şeirləri ilə çıxış edib. Hər bir şeiri də maraqla qarşılanıb. 2010 – cu ildə isə Türkiyədə çıxan "Çağrı" dərgisində şeirləri çap edilib və Türkiyədəki oxucuların marağına səbəb olub. Gülnarə Cəmaləddin "Qəhvə rəngi" adlı şeirlər kitabının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. AYB–nin Sumqayıt bölməsində məsləhətçi işləyir.
İnanıram ki, onun bu şeirləri də oxucuların çox xoşuna gələcək və onların dillərinin əzbəri olacaq.
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi
Gülnarə CƏMALƏDDİN
ANAMIN ÜZÜ KİMİ
Uşaqkən
Mən hər gecə səni yuxumda görürdüm,
ALLAH,
Bir də anamın üzünü.
Süd rəngindəydi YER, GÖY
Və hər dəfə
sənə uzatdıqca əllərimi
qeyb olurdun uzaqlarda.
Körpə tabutumu atıb tutduqca günahlar,
dövrəmdə rəqs edirdi şeytanlar.
Ağlayırdım
Mələklərin göz yaşı
Axırdı yuxularıma
Anamın südü kimi.
Uyuyurdum
Və hər gecə
səni yuxumda görürdüm
ANAMIN ÜZÜ KİMİ.
***
Küləklər
sərxoş və mürgülü.
Sənsizlik
səssizlik qədər qorxulu.
Qarşımda kasıb adamın ölümü kimi
utancaq bir gecə.
Yolustü kafedə
alçaldılmış eşq
satılıq bir qadın
Anlamaz adamın gözündə
Cakondanın əksi kimi
qiymətsiz.
Sonu
atılmış əşya kimi
tozlu və miskin.
Və sonra eşqə dair yazılmış
dadlı bir şer parçasını dinmək
əxlaqsız adamın
təmizlik fəlsəfəsini dinləmək qədər
zülümm
Z -Ü –L- Ü –Ü-M!
Içimdə tər və zərif
Gözəl və tikanlı bir çiçək
Nə yaxşı sən mənim deyilsən,
Gülüm
G – Ü- L – Ü – Ü –M!
QƏHVƏ RƏNGİ
Sənə uzatdığım
Xanım çiçəklərin sarısı,
Sənsizliyə gedən yolun tən yarısı,
Sənə qədər gördüyüm yuxuların
hamısı –
Qəhvə rəngi.
Sənnən sonra görəcəkli günlərim,
Sənsizlikdə ötüb keçən saatların
Bağır yaran hönkürtüsü
Və yuxularımda gördüyüm
Bədöy atların kişnərtisi,
Nal səsləri,
əcəl zəngi,
Qəhvə rəngi.
Əlimi uzadıb çata bilmədiyim dar ağacı,
Uğrunda can qoyub qovuşa bilmədiyim
AZADLIQ,
Qarabağda çıçəyini vaxtsız tıkmüş nar ağacı,
Ruhumu göynədən "Cəngi"
hamısı,
hamısı,
Qəhvə rəngi
İNTİHAR ELƏYƏN QAR DƏNƏCİYİ
Yorulub bezdinmi təmizliyindən,
Atırsan özünü bu yer üzünə.
Yer üzü tər təmiz çirkab içində
Gizləyər üzünü təmizliyinlə.
Dənəsi üzülən dən bilib səni,
Uşaqlar aldanar, quşlar aldanar,
Çoxunun ağlında dəli intihar,
Çoxunun könlündən bir bahar keçər.
Sənin ağlığından ağlım üşüyür,
Sənin təmizliyin çoxuna yaddı,
Sənin səssizliyin, sənin sükutun,
Sənin soyuğluğun adam öldürür.
Allahdan yuxarı getməyə yol yox,
Allahda aşağı ölməyə yer var çox.
Hər kəsin dilində sevdiyi dua,
Hər kəsin içində ilahi sirr var.
Intihar eləyən qar dənəciyi,
Çırpırsan özünü torpağa, daşa.
Qorxuram hamını çəkə intihar,
Dünyada bir təmiz adam qalmaya.
AZADLIQ
Azadlıq!
Nə biçim şey bu!?
Bir içim su.
Dəxi içmək nə çətin, ya Rəbb!
Nə çətin şey.
Içdikcə içilməz.
Qılıncla su biçilməz,
biçilən şeydə bi qan qoxusu.
Azadlıq- zülmət gecədə
mavi duman qorxusu,
keçdikcə keçilməz.
Mənim al qanımı,
ac ruhumu
sarmış bu sıcaq söz
Əfsus nə, biçim şey ki! ?
bilinməz biçimdə,
nə nə dadında,
nədi rəngi?
Seçdikcə seçilməz.
Daddıqca bal tək şirin,
Içdikcə zəhr tək acı, ya Rəbb!
Içdikcə içilməz,
Seçdikcə seçilməz,
Keçdikcə keçilməz!
QARABAĞ ÜÇÜN
Sən işğal oldun,
Mən əsir.
Əsir məmləkətlərin
Ağası olur
Yiyəsi olmur.
Bayraqları başıaşağı olur,
Kişiləri gözükölgəli.
Kölə olur körpələri,
Işğal olmuş məmləkətlərdə
Azadlığ olmur,
Olmur Azadlıq.
Bircə qadınlar bətnindəki
əsirlərdən azad olur,
İşğal olunmuş məmləkətlərdə.
GÜZGÜ
Hərə bir şəkil asdı
yaxandan.
Hamı boylanıb baxdı
yaxından.
Çatlayarsan,
sınarsan
gözlərimin ahından.
Paşa güzgü,
Xan güzgü,
Üzünə üz bağlayıb,
Üzümə baxan güzgü.
ALLAHDAN AŞAĞI
Ömrümü yelə verdim,
Sirrimi selə verdim,
Özümü ələ verdim,
Verdim... Allahdan aşağı.
Bəndənki bənd oluncadı,
Dərdə meyil salıncadı,
Düz – dünya qarıncadı,
Gördüm... Allahdan aşağı.
Dən vermişdi quşlarinən,
Dizlərimi daşlarinən,
Can vermişdi dişlərimlə
Böldüm... Allahdan aşağı.
Kiminə toy tutdu dərdi,
Kimisi unutdu dərdin,
Gördüm ki, umuddu dərdim,
Öldüm... Allahdan aşağı
***
Mən
səni
ən azından
Paris qədər
görmək istəyirəm,
İstanbul qədər sevmək.
Dərdindən
Divanə
olmaq istəyirəm,
İstəmirəm
adam kimi ölmək.
***
Ağırdı
adamların üzünə baxa – baxa,
utanmadan masal kimi
söylədiyi yalanları
ninni kimi dinləmək.
Ağırdı
dost minnətini çiynində daşımaq,
dost cənazəsindən.
Ağırdı
yalan qoxusu dolursa canına
udduğun bir udum havadan,
icdiyin bir içim sudan.
Gözlərin
yalandan alışırsa sevməyə,
Dodaqlar
yalandan alışırsa gülməyə,
Sinəndə ürək soyuyub dönürsə daşa,
Bacara bilirsənsə,
Barışa bilirsənsə,
bu daş parçasıynanan
YAŞŞA!..
***
Bu dünyada aldatmaq var
aldanmaq var
sevgi yoxdu
yoxdu sevgi
inan mənə
kim nə boyda aldanirsa
kim nə boyda aldadirsa
o boyda da bəxtəvərdi.
***
SƏN
hər şeydən ucada
SƏN
Hər şeydə varmışsan!
Otda, güldə, ağacda
SƏN
Hər şeydə bir azca.
Bəs niyə ömür boyu
Bir çaşqınlıq içində
Aramışam mən
SƏN –İ
Aramışam uzaqda?!
****
Bu adamların göz yaşından
Qara torpaq ciçəkləməz.
Bu qar gülü qar aıtında
Daha belə göyçəkləməz
Bu yağan yağışlardan
Qara xallı
al lalələr göyərəcək
Bu quşbaşı yağan qardan
Adamlar quşlar kimi
pəncərələrdə donub öləcək
Ölüm elə ucuzlaşacaq
Ölməyə də heyfi gələcək
adamın
Daha ölmək istəməyəcək
dünyanın
ən çox ölmək istəyən adamı.
***
Keçmiş günlərim
Yorğa atlar kimi
Kişnəyib dördnala çapır
Təpikləyir, cırmaqlayır ürəyimi
Durub dəfn etdiyim
Nakam arzularımın başında
Məzar gülləri kimi
Solğun və səssiz
Ağlamağım da gəlmir ki
Ağlayım o ki var
Ağlayım, yavrucaq
Gələcəyim
Ötüb keçmiş
Saatın əqrəbinnən
Düşən sonuncu çıqqıltı
Yarğannan yıxılan
Vəhşi səs kimi
ünlü və soyuq
Hayqırır hər an
Ölmək var deyə
Göyə baxıram
Sərin
masmavi Azaadlıq
dolur canıma
nələr demədilər
nələr
boşboğaz şairlər
heç nəyi olmadan
insanı qana çəkən
bu sərsəm azadlığın şəninə
daha azadlığın rəngi də qaradı
o gecənin üzü kimi
kiriyib içimdə yorğa atlar da.
Küçə itləri də azadlığa hürmür daha
Susdular hamısı
Susdular, yavrucaq
bilməm niyə?!
***
MÜHARİBƏ DÖVRÜNÜN QADINI
Mənim sevgi yaşımda
yağmalandı məmləkətim.
Əsir oldu ümidlərim
arzularım.
Qırmızı tabutda güldü
qara bəxt üzümüzə.
Mən o yaşda
sevgi nəğmələri oxumaliydım
bəyim!
Oxumadım.
Yağmalanmış vətənimin fəryadını dinlədim.
Güllələnmiş bayrağımı
gülə tutdum
ağlamadım
inləmədim.
Üsyan dolu şeir yazdım
sevgi
həsrət nəğmləri dinləmədim.
Mənə güc verdi o yaşda
düşmən məfhumunu anlamağım.
Mən o yaşda
duymalıydım gəncliyin dadını.
Duymadım
bəyim
duymadım.
Hər ölən əsgərlə ölür
müharibə dövrünün qadını!
BOMJ
Saçları dünya kimi
düyün – düyün
qarmaqarışıq.
Dünyaya gətiriblər onu yaşamaq üçün
Ancaq
BOMJ!
Nə bahar çiçəklərinə sevinər
nə solan payıza kədərlənər
Dünyanın başlanan yerində dayanıb
Dünyanın sonuyla oynayar
nə sevgi dərdi çəkər
nə su, nə çörək.
Nə vaxtsa
onun da köksünün altında
saat tək çırpardı ürək.
Onu daşa biz döndərdik bəlkə.
Dünyanın üzünə tüpürüb
əl – ayaq yalın gəzər XXI əsrin ortasında
ibtidai insan sürüsündən ayrılmış tək
tənha
qərib
kimsəsiz.
Bəlkə əsrin o başından gəlmiş
daş dövründən qalmış
daş adama
bənzəyir daha çox
BOMJ.
Dolaşar küçələri səfil – səfil
zibil qutularına baxar.
müharibə ilində ac adamlar
boş təknəyə baxan tək.
Hərdən siqaret kötüyü tapanda sevənər
sevincin
dərdin dadını
çoxdan
lap çoxdan
unutmuş
BOMJ.
ÖLÜMÜ SEVƏN OĞLAN
Mübariz ibrahimova
Bu nə baxtdı belə
yıxıbsan
Bu nə taxtdı belə
çıxıbsan
Əlləri ətəyindən
uzun oğlan?!
Kim qarğıdı səni belə
səni igid öləsən?!
Bu nə təbbəssümdü üzündə?!
Ölümə belə gülməzlər
gülləyə belə gəlməzlər
gülləyə gələn oğlan.
Səni kim götürər çiyninə
səni kim ötürər o yoldan?!
Son mənzilə ağ geyinib
üzü ağ
alnı açıq
gedən oğlan!
Bu yaşda
ölümü belə sevməzlər
ölümü sevən oğlan.
GƏLİNCİK
Səni uşaqlar oynadır
məni baxtım.
Gəl
sənə bir evcik tikim
evcik – evcik oynayaq
gəlincik!
Ağ paltar
ağ baxt gətirmir
adamkı
hər vaxt gətirmir.
Gəl
sənə bir ninni deyim
ninni deyim
yat
gəlincik.
Canı daşdan
bu div evlər
adamı udub yeyərlər
hamıya nağıl deyərlər
dönüb göyə baxar hamı!.
ANAMA
Gec oldu-
mən xöşbəxt eləyə bilmədim SƏNİ.
Dünyanın ən xöşbəxt qadınıydın
bəlkə də
dünyanın ən xöşbəxt anası
eləyə bilmədim SƏNİ.
SƏN yola salmalıydın məni
ağ libasda
su atmalıydın ardımca
mən xöşbəxt olum deyə.
Sonra da ağlamalıydın
ağlamalıydın xöşbəxtlikdən.
İndi mən yola salıram SƏNİ
ağ libasda
çiyinlər üstə
de hansı günümə ağlayım
ANA?!
Lənət olsun belə ayrılıqlara.
Üzümü söykəyib şəklinə
gülümsəyirəm hər gecə.
İnandırmaq istəyirəm guya SƏNİ
xöşbəxt olduğuma.
Gec oldu-
mən səni xöşbəxt eləyə bimədim, SƏNİ.
Dnyanın ən xöşbəxt qadınıydın
bəlkə də
Dünyanın ən xöşbəxt anası
eləyə bilmədim SƏNİ!
ÜZÜMƏ ELƏ BAXMA
Yenə də yağış yağır,
Bu şəhərin üzünə.
Küləklər kül üfürür
Bacaların gözünə.
Göyün bağrı çatlayır,
Od püskürür qəhərdən.
Köhnə,
kimsəsiz evlər
Könlüm
kimi kədərli.
Adamlar quşlar kimi
Çəkilir yuvasına.
Ürəyim qübarlanır,
Bu qürbət havasından.
Üzümə elə baxma
Çöldə dən gəzən, sərçə.
Belə qəmli havada
bilirsənmi
necə də
dadlı olur darıxmaq?!
***
Quş dimdiyindən torpağa çəkilən
dən kimi
Canından yüngülcə çıxar
gedər
çəkdiyin son nəfəs.
Qış gecəsində
torpağın üstünə yağan
tərtəmiz qar kimi
qarışıb torpağa
itər adam.
Adına ölüm deyərlər
qar kimi
ağappağ ayrılığın.
Səni də əkdim torpağa
ağac kimi
çiçək kimi.
Ağaclar göyərdi
çiçəklər göyərdi
sən necoldun
adam?!
Ölümü qarıtdım
ümidi yubatdım
arzular göyərtdim
Sən göyərmədin
adam!
Sən göyərmədin
adam!
***
ADAMI ALLAH AĞLAMAZ
Nə bahardı, nə payızdı,
Üst – başı torpaqdı, tozdu.
Bu dünya qarımış qızdı,
Söz dedim gözü yaşardı.
Keçdi, çiçək vaxtı keçdi,
Taleyindən baxdı, keçdi,
Çiyinlərdə taxtı keçdi,
Ağladı, Allah ağladı!
Adamı ana ağlayar,
Adamı bacı ağlayar,
Adamı
Allah saxlayar,
Adamı
Allah ağlamaz.