Yaradıcılıqdan son yarpaqlar

25 Yanvar 2017 11:32 (UTC+04:00)

Uzun illərdir ki, yaradıcılığını izlədiyim, həm şeir, həm nəsr, həm publisistika və həm də özünün əsas sənəti olan jurnalistika sahəsində böyük məhsuldarlıqla işləyən və hər yazısında yeni tapıntıları bizə təqdim edən, oxucunu həmişə öz ardınca maraqla aparmağı bacaran İlhamə Məhəmmədqızı 1969-cu il iyun ayının 11-də Sumqayıt şəhərində anadan olub. 1976-1986-cı illərdə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun bədii əsərləri və məqalələri qəzetlərdə çap olunurdu və böyük maraqla da qarşılanırdı. Orta məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Sumqayıt şəhər radio verilişləri redaksiyasında diktor kimi başlayıb. Həmin radio verlişləri redaksiyası özünün operativliyinə və maraqlı verilişlərinə görə sumqayıtlaların ən sevimli verilişlərindən biri idi. İlhamə Məhəmmədqızı 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini biitirib. Bundan sonra peşəkar jurnalist kimi daha böyük yaradıcılıqla işləyib. Belə ki, onun yazıları təkcə respublika mətbuatında deyil, bir sıra xarici ölkələrdə də maraqla çap olunub.

O, müxtəlif illərdə dövri mətbuatda uğurla çalışıb. Çoxtirajlı "Sintez", "Kauçuk"; "168 saat", "Hər şey sizin üçün", "Borçalı", "Azad Azərbaycan" qəzetlərində, "Azərbaycan dünyası", "İTMagazine", "Formula uspexa" jurnallarında böyük müvəffəqiyyətlə fəaliyyət göstərib. Hər bir yazısı maraqla qarşılanıb.

ETM "Təfəkkür" Universitetinin filologiya fakültəsinin müəllimi olub. "İdeal Market" qəzetinin təsisçisi və Baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Uğurlu yaradıcılığına görə Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" diplomuna layiq görülüb. Onun məqalələri ilə bədii yazıları həmişə paralel addımlayır. Yüksək vətənpərvərlik ruhunda yazdığı şeirləri oxucuların dillər əzbəridir.

"Xatırla məni", "Dərdə açma qapını", "Möcüzə işığında", "Söz dünyam", "Ömrün naxışları", "Var olsun yaxşılar və yaxşılıqlar", "Hikmət dünyası", "Bəs kimə deyim", "Zirvəyə doğru" kitablarının müəllifidir. Bir çox kitabların tərtibçisi və redaktorudur. Onun müəllif kimi çap olunası hələ 4-5 irihəcimli kitabları da var.

Hazırda Dünya TV-nin "Əsrin sədası" qəzetinin və "Dünya TV" jurnalının Baş redaktoru vəzifələrində çalışır.

İlhamə MƏHƏMMƏDQIZININ son şeirlərini oxucularımıza təqdim edirik. İnanırıq ki, böyük maraqla qarşılanacaq.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

QARABAĞ GÜNDƏLİYİ

AZƏRBAYCAN OCAĞIDI QARABAĞ

Baharı cənnətdən bir nişanədi,

Sərvəti qızıldı, parlaq guşədi.

Tükənməz o dağlar Kəlbəcərdədi,

Gələcəyin qəlbindədi Qarabağ.

Ölməz bir əsərdi, sınmaz bir qələm,

Şerin, qəzəlin sözü Qarabağ.

Cabbar muğamında, tarın telində,

Xanın şikəstəsindədi Qarabağ.

Hər kim bu dünyada Azəridisə,

Canındadı, qanındadı Qarabağ.

Anaların dediyi laylasında,

Nəfəsində, səsindədi Qarabağ.

Hər çiçəyin ləçəyində, kökündə,

Vətənimin ünündədi Qarabağ.

Yaşasam da bu dünyada, bu eldə,

Gözlərimin önündədi Qarabağ.

Ağbirçəklər, ağsaqqallar, müdriklər,

Uluların qucağıdı Qarabağ.

Tarixi var, soyadı var, kökü var,

Azərilər ocağıdı Qarabağ.

ŞUŞA KİMƏ QALIBDI

Şuşa uluların məslək zirvəsi,

Şəhidlərin Vətən deyən son səsi!

Qanlı fəryad sədasından əbədi,

Qəlbimizdə əks-səda qalıbdı.

Xan Bağımız, yurdumuz, torpağımız,

Yenə axır damarlarda qanımız.

Fəda olur cismimizdə canımız,

Xarıgülü sola-sola qalıbdı.

Şikəstənin ünü yoxdu, talanıb,

Can avazı könlümüzdə bulanıb.

Küsübdü nəğməsi, küsübdü səsi,

Sarı bülbül, susa-susa qalıbdı.

Yana-yana yazar şair elindən,

Cana gələr qələmlə söz dilindən.

Qılınc düşüb igidlərin əlindən,

Çənlibellər Koroğlusuz qalıbdı.

Səmalarda qaraldı ağ buludlar,

Yağış deyil göydən yağan o sular.

Dağlar qızı Natəvanın yurduna

Baxa-baxa ruhu ağlar qalıbdı.

İgid millət! Mənəm deyir, ər deyir,

Hər döşünə döyən mənəm nər deyir.

Gör Şuşada meyvələri kim yeyir?

Yaxşı armud çaqqallara qalıbdı.

Qarabağda memarlığın obası,

Mehdilərin alınmaz dağ-qalası.

Sultan Bağı, qartalların yuvası

Leş axtaran qarğalara qalıbdı.

Üzeyirin aləmindən min əsər,

Qaçaq Nəbi Həcərilə sövdəgər.

Zamana bax, meydan tutub gicbəsər,

Xan-Sarayı dığalara qalıbdı.

Uzunqulaq neynəyirdi örkəni,

Adı qonaq tutdu bütün ölkəni.

İndi deyir Xanım kimi gör məni,

Şuşa tacı Hayqanuşa qalıbdı!

ANA FƏRYADI

Şəhid anasının dilindən

Aman göynər sinəm, sızlar ürəyim,

Odlana-odlana yanar ürəyim,

Bəxtin bəlasını kimə söyləyim,

Taleyim kədərli ağlar qalmışam!

Zalım Fələk çəkdi çərxi tərsinə,

Zülm yazdı qismətimdə üzümə,

Hanı dedim, mil çəkdirdi gözümə,

Bala deyib, indi ağlar qalmışam.

Ömrüm üçün, günüm üçün olanım,

Mənə məndən bir təsəlli olanım.

Şəhid olub, gözlərimdə qalanım,

Bala deyib, indi ağlar qalmışam.

Xəzan ixtiyarı aldı əlimdən,

Əsdirdi sinəmdə qanlı küləyi,

Soldu həyatımın şəfqət çiçəyi,

Aman deyib, indi ağlar qalmışam.

İntizarla göz yaşlarım əbədi,

Nakam gedən balam dövran sürmədi,

Arzu-istəklərim, son ümidlərim

Daşa dəyib, indi ağlar qalmışam.

Kim anlayar anaların həsrətin,

Fəryadları zilə çəkər qəm səsin,

Bala dərdi sındırar sərv qamətin,

Qara geyib, indi ağlar qalmışam!

ŞƏHİDİN ALLAHDAN SON İSTƏYİ

Ağlamayın, bu yaralar mənimdi,

Görmək istəyirəm son dəfə üzün,

Həsrətli gözləri yollarda qalan

Əlacsız Anama çatdırın məni!

Solma gözlərimdə, Günəşim, solma,

Gündüzüm, qal bir az, hələ qaralma.

Sinəmdə döyünən ürəyim, susma,

Əlacsız Anama çatdırın məni!

Çəkil, duman, çəkil, tutma gözümü,

Bizi Yaradana deyim sözümü,

Son dəfə o yazıq görsün üzümü,

Əlacsız Anama çatdırın məni!

Arzu, istəyimdi mənim son ahım,

Getmə, bir an dayan sən, ruh karvanım!

Axı rəhimlisən, mənim Allahım,

Əlacsız Anama çatdırın məni!

BALAM GƏLMƏDİ

Söndü taleyimin, söndü Günəşi,

Susdu ürəyimin odu-atəşi.

Dünya gözlərimdə döndü zülmətə,

Gözlədim-gözlədim balam gəlmədi!

Göynədikcə sinəm qurudu dilim,

Sıxıldım-sıxıldım, əyildi belim,

Amanım, zamanım, mədarım! Neynim,

Səslədim, səslədim, balam gəlmədi!

Döyünür, az qala çıxa ürəyim,

Gümanım sənədir, səndən diləyim.

Yaradan, kömək ol, olum qurbanın,

Yolları izlədim, balam gəlmədi!

Sərvət, şöhrət mənim nəyimə gərək,

İndi göz yaşımdı mənimçün çörək.

Od vurdu, yandırdı, yurdumu fələk,

Ağladım, sızladım, balam gəlmədi!

Analar dəryadı, analar dağdı,

Gözünün önündə Şəhid olsa da,

Ananın qəlbində balası sağdı,

Odur ki, deyirlər balam gəlmədi!

Bəli, hərdən xəyal qonağım olar,

Qəlbim piyalətək dolar, boşalar.

Analar ah çəksə, dünya qocalar,

Hələ soruşurlar balam gəlmədi?!

HANI DEYİB CƏNAZƏMİ, AĞLAMA

Vəsiyyətim budur sənə, can ana,

Yana-yana göz yaşların axmasın.

Mən necə qıymazdım Vətənçün cana,

Hanı deyib cənazəmi ağlama.

Ağlamamaq yandıracaq düşməni,

O cürətin qandıracaq düşməni,

Dəyanətin sındıracaq düşməni,

Hanı deyib cənazəmi ağlama.

Mənə sən vermisən qanı, qeyrəti,

Mənə sən vermisən canı, qüvvəti.

Yaraşmaz bizlərə məğrur qaməti,

Hanı deyib cənazəmi ağlama.

Kimlər çatar, kimlər çatmaz bu ada.

Torpağın payıdı hamı dünyada.

Ağlamaz anası igid övlada,

Hanı deyib cənazəmi ağlama.

Aman istəmədim mən düşmənimdən,

Vursun sinəmdəki mərd ürəyimdən.

Yara almamışam mən kürəyimdən,

Hanı deyib cənazəmi ağlama.

Mən mərd oldum, mərd vuruşdum meydanda,

Vətənimə sadiq oldum hər anda.

Qürbət məni məzara tapşıranda,

Hanı deyib cənazəmi ağlama.

Allahımdam mən dilədim rəhməti,

İstədim ki, gedim görəm cənnəti,

Nə olsun, cəsədim seçdi qürbəti,

Hanı deyib cənazəmi ağlama.

Mələklər duracaq məzarım üstə,

Güllər qoxuyacaq məzarım üstə.

Bülbül oxuyacaq məzarım üstə,

Ana, məni, ana, məni ağlama,

Hanı deyib məzarımı ağlama!

YARALI ƏSGƏR

Vətənin uğrunda canından keçən,

Atadan-anadan, bacı-qardaşdan.

Dostundan, yarından aralı əsgər,

Uzanıb səngərdə yaralı əsgər.

Tor görür gözləri axdıqca qanı,

Ağrıdır yarası baxdıqca onu.

Silahı özündən aralı əsgər,

Əl atır götürsün yaralı əsgər.

Hələ eşitdikcə güllə səsləri,

Vətən qeyrətilə əsir əlləri,

Əsgər yoldaşlardan aralı əsgər,

Güllədən sinəsi yaralı əsgər.

Düşmən güllələri onu qorxutmur,

Qaldırır başını qaməti tutmur.

İndi güllələrdən aralı əsgər,

Sürünür su üçün yaralı əsgər.

Axır son damcı qan, yumulur gözü,

Titrəyir ürəyi, ağarır üzü,

Mən Vətən uğrunda! Oldu son sözü.

Dəyişdi dünyasın yaralı əsgər!

XOCALI FACİƏSİNDƏN

NƏ AĞLARSAN, ANA, DAHA AĞLAMA!

Göy üzünü tutdu bulud od yağan,

Qara duman, qara yağış, qara qan.

Öz odunda yanır, talanır insan,

Göz yaşların nəyə gərək, ağlama!

Nə ağlarsan, ana, daha ağlama!

Surətdi bu, necə olur qiyamət,

Kim çəkəcək dərdimizi, nəhayət?

Dünya bizdən bizə edir şikayət,

Göz yaşların belə kövrək, ağlama!

Nə ağlarsan, ana, daha ağlama!

Tərəqqidən tənəzzülə yox əsər,

Mübtəladan son mənzildi müxtəsər,

Dağa dönmüş sinə dağı dağ çəkər,

Göz yaşların dağlar ürək, ağlama!

Nə ağlarsan, ana, daha ağlama!

Gözüm baxar, ruhum donar canımda,

Bu dəhşətlər heyrət saxlar qanımda,

Yetər bəsdi! Sən ağladın yanımda,

Göz yaşların etməz kömək, ağlama!

Nə ağlarsan, ana, daha ağlama!

Tarix yazdı yaddaşlara bu anı,

Fəryadlara səda verən bəs hanı?

Kim yaradıb, özü yazıb fərmanı,

Tərk-cahana gülür fələk, ağlama,

Nə ağlarsan, ana, daha ağlama!

Bu gün yas libasın geydi Xocalı,

Neçə-neçə sinə qaldı yaralı,

Əzəldən yaranıb dünya ah-nalı,

Gəl, bu dərdə biz də dözək, ağlama!

Nə ağlarsan, ana, daha ağlama!

ŞƏHİDİN SON SÖZÜ

Yaxın gəlin mənə əziz qardaşlar,

Son sözümü sizə deyib gedirəm.

Ğmrümü fəth edib xoş arzularla,

Azadlıq donunu geyib gedirəm!

Vuruşdum düşmənlə ər meydanında,

Yaranı sinəmdən alıb gedirəm.

Azəri yurdumu canımdan əziz

Sanmışam, oduna yanıb gedirəm!

Vətən anamızdır, torpaq yadigar,

Mərdliyin toxumun səpib gedirəm.

Bu deyil ayrılıq, qovuşuram mən,

Qucaqlayıb onu öpüb gedirəm!

Vətənin uğrunda verdiyim canı,

Vətənin qurbanı bilib gedirəm,

Mələklər cənnətə aparır məni,

Müqəddəs varlığı sevib gedirəm!

İndi son laylamı mən eşidirəm,

Bilin, son arzuma çatıb gedirəm,

Vətən ruhlarına dediyi layla,

Şəhid beşiyində yatıb gedirəm"

ŞƏHİD BALAM, QAYIT, GƏL

Görən gözlərimin nuru səndədi,

Ömrümün bu günü, sabahı sənsən.

Mənim qismətimin varı səndədi,

Ümid çırağımsan, balam, qayıt, gəl!

Gedirsən cismimin ruhu səndədi,

Bəxtimin bir bağı, baharı sənsən,

Xoşumun kamanı, tarı səndədi,

Yanan ocağımsan, balam, qayıt, gəl!

Yaşamaq həvəsim, əhdim səndədi,

Həyatımım sevinc, mənası sənsən.

Varlığın xoş günü, bəxtim səndədi,

Axan bulağımsan, balam, qayıt, gəl.

Gözüm yaşlı qalar, taqətim olmaz,

Solar, rəngim solar, taqətim qalmaz,

Özümün özümə hörmətim olmaz,

Sən qol-budağımsan, balam, qayıt, gəl.

İndi hardasan sən, bilə bilmirəm,

Daha ağlayıram, gülə bilmirəm,

Son dəfə görməsəm, ölə bilmirəm,

Çünki sorağımsan, balam, qayıt, gəl.

Şəhid balam, aman balam, can balam,

Vərən üçün can verdi qurban balam,

Yuxuma gəl, gözümdə dayan, balam,

Səbr fərağımsan, balam, qayıt, gəl!

ULU VƏTƏNİM

İnsan səndən duyar könül şadlığın,

Abadlığın, doğmalığın, yadlığın,

Sənsən adı əbədi azadlığın,

Ulu irsim, sən ayətim Vətənim.

Səndə gördüm şöhrətimin zirvəsin,

Həqiqətin, sədaqətin gur səsin,

Sənsən özü, təmiz adın, qeyrətin,

İzzət kürsüm, şah qamətim Vətənim.

Keçmişindən gələcəyə xəbərdar,

Nizamin var, Nəsimin var ki, onlar

Kamilliyin hər sirrini yazmışlar,

Gör ki, bu gün söz surətim Vətənim.

Sən hikmət varlığım, müqəddəs anım,

İlahi göndərən nicat Quranım,

Vücudum, şərəfim, məslək ocağım,

Həm vəhdətim, həm cənnətim Vətənim.

Ömrüm-günüm torpağından yarandı,

Ruhum, canım cismimdə həm var oldu,

Yaradanım taleyimə yar oldu,

Haqq qismətim, ər cürətim Vətənim.

İlhaməyəm, Vətən dilimin andı,

Azəri yurdumda Adəm övladı,

Müdrik kəlamların mənəm ustadı,

Çünki anam, səadətim Vətənim.

VƏHDƏT SƏSİ

Nədir əziz? Vətən, Ana, yoxsa can,

Həyat verən bizə, yoxdan yaradan.

Nə düşünür, görən yaranan insan,

Daşa dönən ürək məzar deyilmi?

Məsləkimdi, ayətimdi Vətənim,

Könlümə yar olan məhəbbətimdə.

Qeyrətimdi, vəhdətimdi Vətənim,

Vətənsizə dünya məzar deyilmi?

Ana çəkər hər dərdi dərd əlində,

Qan ağlayar ürəyində, dilində,

Anaların göz yaşları önündə,

Aciz qalan qeyrət məzar deyilmi?

Mən canımla həqiqəti sevmişəm,

Gözümlə yox, ürəyimlə görmüşəm.

Görə-görə görməyənin gözünə,

Yoxsul üzü soyuq məzar deyilmi?

Torpağından can almışam canıma,

Can vermişəm torpağıma canımdan.

Gərək keçə can can üçün canından,

Duyğusuz can, cana məzar deyilmi?

Ruhum, cismim, qibləgahım, cənnətim,

Əsli-haqdan yaranıbdır surətim,

Haqdır adım, haqq yaradan Allahım,

Allahsıza cismi məzar deyilmi?

VƏTƏNDİ

Əzəl gündən duyğumuzun sevinci,

Gözümüzdə möhtəşəmlik zirvəsi,

Könlümüzdə alovlanıb əbədi,

Daim yanan ocağımız Vətəndi.

Bir dünyadı həqiqətdən haqq səsi,

Qəlbimizdə yurd salıbdı nəğməsi,

Anaların ürəyində, sözündə,

Lay-lay deyən qucağımız Vətəndi.

Yaradanın hikmətindən yaranan,

Hər anında övladına yar olan,

Ruhumuzla cana gəlib, bizimlə

Danışan dil-dodağımız Vətəndi.

Eşqimizi öz eşqiylə çağladan,

Xoş günü güldürüb, qəmi ağladan,

Canımızda, qanımızda qaynayıb,

Qaynar axan bulağımız Vətəndi.

Ürəyimiz həsrətilə döyünər,

Mənim deyib adın çəkən öyünər,

Ümidimiz, ilk sözümüz dilmizdə,

Qərib eldə sorağımız Vətəndi!

SƏN MƏNİM VƏTƏNİM, AZƏRBAYCANIM

Min illər bəlalı dövran sürmüsən,

Tufanlar, qırğınlar, nələr görmüsən,

Zülmlü əzablar çəkib dözmüsən,

Sən, mənim Vətənim, Azərbaycanım!

Adəmin, Həvvanın sən məskənisən,

Əzəl insan yurdu sənsən əzəldən.

Yaradan yaratdı, sən müqəddəssən,

Sən, mənim Vətənim, Azərbaycanım!

Odlar yurdu adın günəş sayılıb,

Əbədiyyət sözü sənə yazılıb.

Ölməzliyin izi səndə tapılıb,

Sən mənim Vətənim, Azərbaycanım!

Dünyanın dərdini, sirrini bilən,

Nizami, Nəsimi Vətənisən sən,

Heydərin son sözü səninləyəm mən,

Sən, mənim Vətənim, Azərbaycanım!

Səndə bərqərardı haqqın birliyi,

Fatehlər axtarıb "sirr diriliyi",

İlhamım öyrənib səndə ərliyi,

Sən, mənim Vətənim, Azərbaycanım!

ŞƏHİDİN VƏSİYYƏTİ

Bu son nəfəsimdi! Son nəfəsimdə

Son sözüm, son arzum olacaq mənim.

Sizi and verirəm böyük Allaha,

Bu sirrim sizinlə qalacaq mənim.

Bir bulud görürəm Günəşdən parlaq,

Ruhum dərgahıdı bu parlaq ancaq.

Həsrətlim ağlasın baxıb doyunca,

Gizli ağlasın ki, anam görməsin!

Tabutu açmayın dəfn edəndə,

Saralmış yanaqlı solmuş üzümü,

Əbədiyyət dünyasına zillənib,

Yumulmuş gözümü anam görməsin!

Axı söz vermişdim, ağlama deyib,

Yenə də qayıdıb sağ gələcəyəm.

Birbaşa məzara aparın məni,

Cansız cənazəmi Anam görməsin!

Məni sağ görübdü sonuncu dəfə,

Bağrıma basıbdı sonuncu dəfə.

O gözəl anları xatirə qalsın,

Qanlı cəsədimi anam görməsin!

Sinəmdə yurd salan ölüm yarası,

Baxanda anamın qəlbinə köçər!

Dərdin zülümünə o dözə bilməz,

Sinəmin yarasın anam görməsin!

Mən Vətən eşqinə fəda oluram,

Sükut laylasında yatırın məni.

Şəhid karvanına çatdırın məni,

Karvanım gedəndə anam görməsin!

VƏTƏN EŞQİNƏ

Şəhidlərin dilindən

Cismimdi qürbətdə, ruhum Vətəndə,

Tabutum qoynuna alanmaz məni.

Azəri torpağın azad görməsəm,

Məzar girdabına salanmaz məni.

Vətən həm bu dünyam, həm o dünyamdı,

Keçmiş-gələcəyi unutmaz məni.

Vətənə dediyim qurban canımdı,

Həsrəti, kədəri qorxutmaz məni.

Yalançı şöhrətə yad olmuşam mən,

Vətənin eşqinə ad almışam mən.

Allah dərgahında ucalmışam mən,

Müxənnət nifrəti alçaltmaz məni.

İndi öz yurdumun səmasındayam,

Babək, Cavanşirin dünyasındayam,

Məsləkdaşlarımın sırasındayam,

Yaddaşlar xəzanla saraltmaz məni.

Vətən eşqi! Taleyimlə barışdım,

Arzuma, həm istəyimə qovuşdum,

Əbədiyyət üfüqündə alışdım,

Həqiqət Günəşim var, batmaz mənim.

MƏHƏBBƏT ADLI

Bir duyğu canlanır ürəyimizdə,

Sənin də, mənim də məhəbbət adlı.

Könül laylalanır gözlərimizdə,

Sənin də, mənim də səadət adlı.

Eşqin şən sədası var səsimizdə,

Sənin də, mənim də məhəbbət adlı.

Ümid dalğalanır həvəsimizdə,

Sənin də, mənim də şəkərdən dadlı.

Sevib-sevilməkdi gərəyimiz də,

Sənin də, mənim də məhəbbət adlı,

İstək alovlanır sözlərimizdə,

Sənində, mənim də sevgiyə bağlı.

Ömür xatirədir izlərimizdə,

Sənin də, mənim də məhəbbət adlı.

Dirilir arzular nəfəsimizdə,

Sənin də, mənim də bahar ovqatlı.

QALDI

Taleyim küsdürdü qəlbimi mənim,

Göynədikcə sinəm, hey susdu dilim,

İstədim dərdimin sirrini bilim,

Arzu-istəklərim sözümdə qaldı.

Bahar, yayım qarlı qışdı könlümdə,

Sevinc payım qəm-kədərdi ömrümdə,

İstədim ki, görəm xoş gün ilimdə,

İntizar həsrəti gözümdə qaldı.

İmtina eylədim məhəbbətimdən,

Eşqim kədərləndi səxavətimdən,

Axtardım, yenə də tapım sevgimdən,

Qəmli bir xatirə izimdə qaldı.

ƏDALƏT, SƏN DİNDİR SAZI

Aşıq Ədalətə həsr olunur

Ahəstə ol, olma rəvan,

Sariban, saxla karvanı!

Bir bax bu yollara soruş,

Yolların nişanı hanı?

Yox olub bağçalar, bağlar,

Dərdimizi bilən ağlar,

Bülbül itirib avazı,

Ədalət, sən dindir sazı.

Dərddən, qəmdən qəm alıram,

Yanır bağrım, odlanıram.

Dilim cəllad, qələm qılınc,

Tikə-tikə doğranıram,

Körpələr qalıb nigaran

Anaların laylasından.

Yox olub lay-lay avazı,

Ədalət, sən dindir sazı.

Qarabağ yağı tapdağı,

O ahular, o marallar

İnciyib tərk edib dağı,

Düzlərin ceyranı hanı?

Can sıxılar, ürək sızlar,

Könlüm viran, xarabazar,

Mizrabla tut bu avazı,

Ədalət, sən dindir sazı.

Saz xəzinə, tellər varı,

Sənsən sənətin açarı.

O hikmətli barmaqları

Dindir, desin ağrıları,

Könüllər olub pərişan,

Əzablının ruh avazı,

Ədalət, sən dindir sazı.

Mahnı

SƏN YADIMA DÜŞƏNDƏ

Gözlərim yaşla dolur,

Könlümü qəhər boğur,

Çöhrəm saralıb solur

Sən yadıma düşəndə.

Nəqarət:

Şah dağını anıram,

Səni bulaq sanıram,

Yollarına baxıram

Sən yadıma düşəndə.

Səni hər zaman sevəcəm,

Yoluna gül səpəcəm,

Göz yaşımı siləcəm

Sən yadıma düşəndə.

XƏYALLAR, XATİRƏLƏR

Xəyallara qoşulublar

Ürəyimdə xatirələr.

Bir-biriylə danışırlar,

Necə keçdi ötən illər.

Xatirələr bənzəyirlər

İsti, soyuq fəsillərə.

Xəyallarım izləyirlər

Ürəyimdən keçsə nələr.

Xatirələr, xatirələr,

Hər günüm sizinlə ötər.

Xatirələr, xatirələr,

Ömrün arxasıyla gələr.

Xəyallarım xatırlayar

Keçmişimin mənzərəsin.

Xatirələr yada salar

Məhəbbətdən söz incisin.

ŞAİRİN

Bir bulud dayanıb başımın üstə,

Hər il yaş gətirir yaşımın üstə.

Kədərin izi var qaşımın üstə,

Görmürəm dərdinə qalan şairin.

Sirrimi heç kimə yarı bölmərəm,

Qürbətdə məzarım, deyib ölmərəm,

Yanmaram, od tutub yansam sönmərəm,

Varmı ki, halına yanan şairin?

Zəlimxan, Knyaz da bizim ellidir,

Şeir sənətində ürəkdillidir,

Hamının yazdığı xalqa bəllidir,

Olur hərdən qəlbi duman şairin.

Cəlladdan cəllada şikayətim yox,

Nə varım, dövlətim, imarətim yox,

Kimsənin yanında qəbahətim yox,

Kimdi dediyini qanan şairin.

Zövqüm təbiətin zövqünə uyğun,

Duymazsan ürəkdə yoxdusa duyğun,

Xəyallara dalğın olsa da yorğun,

Olmaz yazdığında yalan şairin.

FAYDASI YOXDUR

Bir gün gələcəksən məzarım üstə,

Baxıb məzarıma ağlayacaqsan.

Gözlərindən axan göz yaşlarının

Özün biləcəksən faydası yoxdur.

Məzarım üstünə qoyub getdiyin

Güllər solacaqdı sən gedən kimi.

Mən ki, yoxam, daha məni sevməyin

Özün biləcəksən faydası yoxdur.

Çəkmə bu əzabı, bir daha gəlmə,

Yoxluğu özünçün bir varlıq bilmə.

Bir gün də gələcək, gəlib-getməyin

Özün biləcəksən faydası yoxdur.

Onsuz da bir zaman unudacaqsan,

Qəbrimin üstünə gəlməyəcəksən.

Asta pıçıldayıb sən deyəcəksən,

Axı, bu getməyin fadası yoxdur...

ƏLƏNDİ

Nicat zirvəsinə çatmaq istədim,

Könlümün həvəsi xəzana gəldi.

Hikmət dəryasını tapmaq istədim,

Yoluma böhtanın qarı ələndi.

Ömrümdən bir arzu, möhlət istədim,

Döndərdi üzünü ki, cana gəldi.

Baxanda göylərə, səda istədim,

Könlümə zülmətin tarı ələndi.

Neyləsin taleyim, neyləsin bəxtim,

Əzəldən dünyaya o qara gəldi.

Qismətdən əhdimə şəfa istədim,

Üzümə yoxsulluq arı ələndi.

Mərhəmət dilədim, lal oldu dilim,

Qurudu canımda məhəbbət gülüm.

Sevib öz sevgimdən sevgi istədim.

Sinəmə intizar xarı ələndi.

ÖZÜMÜ ÖZÜMƏ QAYTAR

Qaranlıq hərəkətsiz lal ağaclara,

Sükunət qəlbimə enir beləcə.

Arzum oğurlanır, ürək qırılır,

Son olan ümidim sürünür necə?!

Yuxumu qovuram, doğmuş ay solğun,

Zaman pıçıldayır, axır ahəstə.

Gecə hələ uzun, dolanır yorğun,

Dolaşır buludlar başımın üstə.

Qanadsız bir quşam, dərdi dənlərəm,

Gözüm qəlbi daşdan məhəbbət umar.

Sarı simdə "Kərəm" kimi inlərəm:

"Ay Allah, özümü özümə qaytar!"

İTƏCƏKMİ

Qürurdan qurulsa da

Bünövrən, bəndin, bərən.

Nadanlar sındıranda

Olursan pərən-pərən.

Bəlkə bir ömrün yükün

Yüz ömür çəkməz belə.

Taleyin gözlərində

Yer verər ahlı selə.

İlhamə, itəcəkmi

Ömrünün duman, çəni?

Göz yaşın göyərdəcək

Saraltsa dövran səni.

EŞQƏ DÜŞMƏDİM

Sevgisi ağladar əsl sevəni,

Mən özümü, nə özgəni sevmədim.

Ya qulu olmadım, ya da ağası,

Eşqin hüzurunda boyun əymədim.

Tapılmaz dərmanı, olmaz əlacı,

Çünki kədəri var, zəhərdən acı.

Sevgi-məhəbbətdən həsrət adlı

Qəlbimə intizar donu geymədim.

Dalmadım xəyala, qalıb nigaran,

Hicranın qəmindən etmədim üsyan.

Dilimdə sus dedim bəxtimə dayan,

Könül sındırmadım, xətrə dəymədim.

Bil ovçudur ki, eşq şikar olduğun,

Gör nələr çəkibdir cəfadan Vurğun,

Bildim əfsanədir Leyli və Məcnun,

Bunca mən özümü belə öymədim.

SORUŞMA MƏNDƏN

Atəşim, öz odum yandırsın məni,

İstəmirəm oda çəkəm özgəni.

Mən necə danışım sənə sirrimi,

Dindirib dərdimi soruşma məndən.

Yazılıb sinəmdə oxunmaz dastan,

Hərdən ürək sirrin dil susur demir.

Qəflətdə lal olur günahsız insan,

Dindirib dərdimi soruşma məndən.

Saflığın sandığı bağlandı qaldı,

Loğman cəllad olub qılıncı çaldı.

Sən də dərd oduna alışma qəmdən,

Dindirib dərdimi soruşma məndən.

Dünya hər gələnin qibləgahıdı,

İnsan nəfsinin qul övladıdı,

Hər kim ki, yıxıldı öz günahıdı,

Dindirib dərdimi soruşma məndən.

ACI TALEYİM

Könlüm qəmləndikcə gözüm qan ağlar,

Açılmaz üzümə nurlu sabahlar.

Yoxdur mənə qəlbən həmdəm insanlar,

Mehrimdən varımı itirmişəm mən.

Talanıb taleyim, tapdalanıbdı,

Gözümdə zülmün mehri qalıbdı.

Fələk uğurumu məndən alıbdı,

Cənnətdən narımı itirmişəm mən.

Xəzan baharımı qışa döndərdi,

Bəxtim dərd üzünü mənə göstərdi.

Ruzi çiçəyimi müxənnət dərdi,

Bağımdan barımı itirmişəm mən.

Qəlbimin avazı dondu qəlbimdə,

Sükut özünə yurd saldı qəlbimdə,

Haqq sözüm dilimdə, mizrab əlimdə,

Sinəmdən tarımı itirmişəm mən.

Zaman zalım oxun sancdı sinəmə,

Yüz min loğman gəlsə bir əlacı yox.

Sevgi-məhəbbətdən şikayətim çox,

Qəmxaram, nazımı itirmişəm mən.

Canım cansız qalıb can otağımda,

Şəfqət daşa dönüb dil-dodağımda,

Qalmışam tabutum öz qucağımda,

Ümid sabahımı itirmişəm mən.

Sən bir təsəlli de, xəyala dalım,

Unudub bir anlıq acı kədəri,

Şirin arzuların qoynunda qalım,

Səbri-qərarımı itirmişəm mən.

İlhaməyəm, ömrüm zülmətə düşdü,

Zülmətdən zülmlü qürbətə düşdü.

Qürbətdən bəlalı möhnətə düşdü,

Ürək sirdarımı itirmişəm mən.

SAXTA ŞAİRLƏRƏ YAZIĞIM GƏLİR

Baxanda bəşəri qəlbən duymayan,

Xəbis niyyətindən uzaq durmayan,

Görə-görə misginlikdən doymayan

Kor olan gözlərə yazığım gəlir.

Şairlik yükünü çəkmək istəyən,

Özünü əbədi əkmək istəyən,

Sözü sözə qatıb içmək istəyən,

Doğranmış sözlərə yazığım gəlir.

Üzündə müdriklik nuru olmayan,

Kamil insanlıqdan soraq almayan,

İlk gündən əlamət izi qalmayan,

Bozarmış üzlərə yazığım gəlir.

Şairəm deyənlər, qələm tutanlar,

Qara qəpiklərə xırdalananlar,

Vücudun, vicdanın pula satanlar,

Ruhu zəlillərə yazığım gəlir.

Nizami, Nəsimi gör nələr yazıb,

Quran da qələmlə xəzinə qazıb,

Bəs kimdi o həzrət, yuxular yozub?..

Əsilsizlər, sizlərə yazığım gəlir.

Könül laylasında qış baharımdı,

İlahi bəxş edən ruh avazımdı,

Şeir elimində vəhdət lazımdı,

Nəfsi əlillərə yazığım gəlir,

Saxta şairlərə yazığım gəlir.

AĞARMA, SAÇLARIM, QOCALIRAM MƏN

Payız tək saralıb soluram nədən,

Xəzanla tökülür saçlarıma dən.

Qayıtmaz cavanlıq bir də yenidən,

Ağarma, saçlarım, qocalıram mən.

Nə bilərsən, sən bu dərddən çəkməyən

Bilməz ömrün dəyərini bilməyən.

Mən dedikcə duyar susub dinməyən,

Ağarma, saçlarım, qocalıram mən.

Çox istərdim qəm göstərəm qəmlərə,

Dağlar çəkib o qəmlər sinələrə,

Gör qocalıq möhtac olur kimlərə,

Ağarma, saçlarım, qocalıram mən.

Ürək ağlar, gözlər baxar, dil susar,

Həsrət, kədər dözülməzdir intizar,

Amansızdır fələk zülmləri var,

Ağarma saçlarım, qocalıram mən.

BAĞIŞLAYA BİLMİRƏM

Ayrılıq hey döyür könül qapısın,

Döyünür ürəyim de, necə dözüm,

De, səndən əlimi de, necə üzüm,

Daha bağışlaya bilmirəm səni.

Cəfa çəkir məni öz ocağına,

Həsrət atır məni qəm qucağına.

Dönsəm də bir anlıq eşq qonağına,

Daha bağışlaya bilmirəm səni.

Sənin məhəbbətin deyil mənimlə,

Tənha qovuşuram qəmli qəmimlə.

Mən necə yaşayım, sevib səninlə,

Daha bağışlaya bilmirəm səni.

Bütün gündüzlərim zülmətə dönsə,

Məhəbbət günəşim ruhumda sönsə,

Eşqim üz döndərib məndən incisə,

Daha bağışlaya bilmirəm səni.

BƏS KİMƏ DEYİM?

Ürəyim kədərli olanda mənim,

Gözümə acı yaş dolanda mənim.

İntizar qəhəri boğanda məni,

Sənə də deməyim, bəs kimə deyim?

Unutmaqmı səni, necə unudum?

Axı səndən başqa kimim var mənim?

Tənhalıq qoynuna alanda məni,

Sənə də deməyim, bəs kimə deyim?

Səni düşünürəm mən gecə-gündüz,

Bu dünya boşluqdu mənimçün sənsiz.

Həsrət yorub əldən salanda məni,

Sənə də deməyim, bəs kimə deyim?

Ayrılıq qəmidi ağladır məni,

Bir ümid qəlbimdə yaşadır məni.

Sənin məhəbbətin sıxanda məni,

Sənə də deməyim, bəs kimə deyim?

AYRILIĞIN SON GECƏSİ

Ayrılığa çox oxşayır bu gecə,

Elə bil küsmüsən nədənsə məndən.

Baxıram səmaya sonu görünmür,

Qayıdacam deyib indi gedirsən,

İstəmirəm sənsiz qalım bu gecə,

Son gecəyə çox oxşayır bu gecə.

Sənsiz də səninlə yaşayıram mən,

Mənim həyatıma qoşulan gündən.

Mənə boşluq idi sənsiz bu dünya,

Ayrıla bilmirdim sənsiz də səndən,

İstəmirəm sənsiz qalım bu gecə,

Son gecəyə çox oxşayır bu gecə.

Ürəyim hiss edir sonsuz bir boşluq,

Gedirsən, qayıda bilməyəcəksən,

Olsan da uzaqda, söz ver ki, mənə

Məndən ömrü boyu küsməyəcəksən,

İstəmirəm sənsiz qalım bu gecə,

Son gecəyə çox oxşayır bu gecə.

Baxıb gözlərimə dolğun həsrətlə,

Soyuq bir duyğuyla qucaqlaşırsan.

Əlvida! Deyərək vidalaşırsan,

Bilirəm ömürlük uzaqlaşırsan,

İstəmirəm sənsiz qalım bu gecə,

Son gecəyə çox oxşayır bu gecə.

SAMİR, SƏN "TAM SƏMİMİ"DƏ

Göy qurşağı naxış-naxış,

Naxışlanar baxışlarda,

Səma yerə nurun səpər

Narın-narın yağışlarda,

Samir, sən "Tam səmimi"də.

Ömür geri dönər bir an,

Keçmişini görər insan,

Biri yaman, biri aman,

Rəvan gedər iki karvan,

Samir, sən "Tam səmimi"də.

Təbiətdə bir iz qalar

Hər insanın taleyindən,

Verlişində xatirələr

Var insanın taleyindən,

Samir, sən "Tam səmimi"də.

Sevinc üzündə canlanır,

Qəm səsinlə alovlanır,

Ürəyində istedaddan

Əbədi bir məşəl yanır,

Samir, sən "Tam səmimi"də.