Şəhid anası
Neçə il keçibdi qanlı yanvardan,
Düşünmək çətindir o vaxt, anlardan.
Hər tərəf al idi axan qanlardan,
Bala axtarırdı şəhid anası.
Yerlərdə yatırdı oğlanlar, qızlar,
Susmuşdu dodaqlar, solmuşdu üzlər.
Əbədi işığın itirdi gözlər,
Bala axtarırdı şəhid anası.
Gözləri dörd olub şaşqın baxırdı,
Yerdə balasının qanı axırdı.
Özünü neşlərin üstə yıxırdı,
Bala axtarırdı şəhid anası.
Güllələr yağırdı başı üstündən,
Fəryadlar qopurdu Ana köksündən.
Yer, göy ayrılmışdı sanki qövsündən,
Bala axtarırdı şəhid anası.
Neçə İlhamların səsi kəsildi,
Ağladı ürəklər sevinc əksildi,
Hiddətdən bağırıb əli əsirdi,
Bala axtarırdı şəhid anası.
Bakı qan içində dəlik, deşikdi,
Ananın qolları qanlı beşikdi.
Bu dərdə ağladı göz yaşı tökdü,
Bala axtarırdı şəhid anası.
Gəlinlər dul qaldı, uşaqlar yetim,
Dərdən əriyirdi yazıq millətim,
Yox olsun ey xain, batsın qeyrətin,
Bala axtarırdı şəhid anası.
Məzarlar qazıldı, ağladı torpaq,
Köksü dərd, kədərdən olubdu çatlaq.
Oldu şəhidlərə əbədi yataq,
Bala axtarırdı şəhid anası.
O, vaxtdan qərənfil ağlar qalıbdı,
Şəhid qanlarından al rəng alıbdı.
Bu gülü sevməyib hey odlanıbdı,
Bala axtarırdı şəhid anası.
Baxırdı məzara yanırdı ana,
Necə qıydınız siz axı balama.
Fərizə İlhamla yatır yan-yana,
Bala axtarırdı şəhid anası.
Susma, ey millətim, üsyan eylə ki,
Günahsız tökülüb bu qan yerdəki.
Məzarlar məkanı olubdu Bakı,
Bala axtarırdı şəhid anası.
Bir qız da gəlirdi əlində çanta,
Namərd gülləsinə tuş oldu onda.
Quruyur damarda axmayır qan da,
Bala axtarırdı şəhid anası.
Tüstüydü, dumandı yer-göy arası,
Güllədən yanırdı şəhid yarası.
Susmurdu, hər yana düşüb naləsi,
Bala axtarırdı şəhid anası.
İnləyir torpağım, dözmür, ah çəkir,
Vətən övladına məzarlar tikir.
Saçları ağarmış, yerə diz çökür,
Bala axtarırdı şəhid anası.
Bir igid ömrüdü ötən o illər,
Uzanıb göylərə yalvarır əllər.
Daha göz yaşları tökməsin güllər,
Bala axtarırdı şəhid anası.
Nə vaxt açılacaq bağlı düyünlər,
Millətin başına gəldi oyunlar.
Torpağı yandırır günahsız qanlar,
Bala axtarırdı şəhid anası.
Hər kəsə qol açdı, güvəndi ölkəm,
Etmədi heç kəsdən sevgisini kəm.
Bəs nə idi, şəhərim, aldığın görkəm,
Bala axtarırdı şəhid anası.
Yanvarı sevməyir analar daha,
Xain gülləsindən batdı günaha.
Əl açıb yalvarır hər gün Allaha,
Bala axtarırdı şəhid anası.
İyirmi yanvarda susur qərənfil,
Çəkdiyi çiləyə küsür qərənfil.
Üstündən ötüşüb keçsə neçə il,
Bala axtarırdı şəhid anası.
Göylərdə dolaşır şəhidin ruhu,
Xain sitəm çəkir, içində qorxu.
İllərdir dilində qarğışı, ahı,
Bala axtarırdı şəhid anası.
Səngimir acısı, sönməyir odu,
Susmur ürəyindən qopan fəryadı.
Canından bir parça qolu-qanadı,
Bala axtarırdı şəhid anası.
Köksündə məşəli alışır, yanır,
Şəhid ruhlarıyla qarışır, yanır.
Əbədiyyət adlı zirvədə qalır,
Bala axtarırdı şəhid anası.
Ölməyir şəhidlər, hər vaxt yaşayır,
Ölməzlik zirvəsi burdan başlayır.
Bu ağrı ürəkdən, candan çıxmayır,
Bala axtarırdı şəhid anası.
Ağla qərənfil
İllərin dərdini, qəmini çəkib,
Yenə nə durmusan boynunu büküb.
Sel kimi gözünün yaşını töküb,
Şəhid məzarında ağla, qərənfil.
Rəngin qırmızıdı, qan dəyib sənə,
Üstdə uzandığın can dəyib sənə.
Düşmən güllələri dəyib sinənə,
Şəhid məzarında ağla, qərənfil.
Gəlmək istəmirsən sən bura daha,
Dözmürsən deyilən laylaya, aha.
Səni and verirəm bircə Allaha,
Şəhid məzarında ağla, qərənfil.
Torpaq bitirdiyi güllə öyünüb,
Baş qoydun torpağa, boynun əyilib.
Analar yenə də qara geyinib,
Şəhid məzarında ağla, qərənfil.
Sinəsi dağlıdı analarımın,
Gözü yaşlı qalıb sonalarımın.
Həsrəti qurtarmır obalarımın,
Şəhid məzarında ağla, qərənfil.
İllərdir yatmayıb, növbə çəkirsən,
Tənha məzarlara məbəd tikirsən.
Solursan, yenidən bir də bitirsən,
Şəhid məzarında ağla, qərənfil.
Nə vaxt bitəcəkdi bu acı, sitəm,
Nə vaxt sevinəcək, güləcək ölkəm?
Əzabdan yoğrulmuş, əyilməz türkəm,
Şəhid məzarında ağla, qərənfil.
Yurdum çox çəkibdi, bunu danmayım,
Hər şeyə qaneyəm, artıq ummayım.
Necə alışmayım, necə yanmayım?
Şəhid məzarında ağla, qərənfil.
Şəhidlər ölmədi, məşələ döndü,
Göylər lərzə çəkib, yerlərə endi.
Səbri tükənəndə millətim dindi,
Şəhid məzarında ağla, qərənfil.
Sınmasın Analar, boynun bükməsin,
Şəhid balasının dərdin çəkməsin.
Vətənə can qurban, Vətən çökməsin,
Şəhid məzarında ağla, qərənfil.
Tanrı sevdiyini tez də aparır,
Körpə bir fidanı kökdən qoparır.
Çeşmə qurusa da yenidən axır,
Şəhid məzarında ağla, qərənfil.
Torpağa axmasın qanlar bir daha,
Səsimiz yüksəlsin, çıxsın gur daha.
Düşmənlər utansın, etsin ar daha,
Şəhid məzarında ağla, qərənfil.
Solub ləçəklərin məzar üstündə,
Ordum düşmənlərin durub qəsdində.
Çox igid uyuyur Vətən köksündə,
Şəhid məzarında ağla, qərənfil.
Əvvəllər güllərin şahı sən idin,
Torpağın bəhrəsi, ruhu sən idin.
Düşdün alovlara, nələri gördün,
Şəhid məzarında ağla, qərənfil.
İlhamı böyüdüb Heydər atamız,
Bundan sonra solmaz daha butamız.
Göz yaşı axıtmaz Ata, Anamız,
Şəhid məzarında ağla, qərənfil.
Lilparın ürəyi sözlə doludur,
Şeirin, şeiriyyatın əsiri, quludur.
Azəri yurdumun kökü uludur,
Şəhid məzarında ağla, qərənfil.
Vətən adlı yarım qalıb
Üzü bəri baxan dağlar,
Mənim orda anım qalıb.
Vətən adlı bir sevgilim,
Torpaq adlı canım qalıb.
Düzlərində dolaşmağım,
Ağaclara dırmaşmağım.
Ağız üstdə şal yaşmağım,
Məzarında Anam qalıb.
Cəh-cəh vuran bülbülümün,
Bağçadakı tər gülümün.
Toy-büsatlı öz elimin,
Şənlik adlı halım qalıb.
Yamacları yaşıl olar,
Qoyun, quzu yeyib, doyar.
Laləsi al paltar geyər,
Solmayan baharım qalıb.
Bulaqları nazlı gəlin,
Ceyranlar bəzəyər çölün.
Sonası var hər bir gölün,
Qartaltək vüqarım qalıb.
Zümrüd bulaq çıxar daşdan,
Ağlımı alardı başdan.
Ay qəməri qələm qaşdan,
Səfalı diyarım qalıb.
Meşəsində itburnusu,
Bənövşənin gül qoxusu.
Beçə qoyub var yuxusu,
Pətəyində arım qalıb.
Lilparın könlü dolandı,
Atəşə, oda qalandı.
Qürbət səfası yalandı,
Vətən adlı yarım qalıb.