“Beynəlxalq inkişaf naminə davamlı Turizm İli”nin rəsmi açılış mərasimi olub FOTOLAR

19 Yanvar 2017 11:38 (UTC+04:00)

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyası 2017-ci ili İnkişaf Naminə Beynəlxalq Davamlı Turizm İli elan edib. SİA-nın məlumatına görə, Madrid şəhərində Davamlı turizm ilinin rəsmi açılış mərasimi keçirilib. 65 ölkədən nazir və digər yüksək səviyyəli rəsmilərin iştirak etdiyi mərasimdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin İspaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri, BMÜTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.

Açılış mərasiminin rəsmi hissəsində çıxış edən BMÜTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, bu il davamlı turizmin inkişafa verdiyi töhfə üzrə dövlət və özəl sektor rəhbərləri və cəmiyyət arasında məlumatlılığı artırmaq və turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün bütün maraqlı tərəfləri birgə fəaliyyətdə səfərbər etməkdə unikal imkandır. Daha sonra Gürcüstanın baş naziri, Hondurasın vitse-prezidenti, İspaniyanın xarici işlər naziri çıxış edərək sözügedən ilin əhəmiyyətini vurğulayıblar.

Ümumiyyətlə, 2017 Beynəlxalq Davamlı Turizm İli inklüziv və davamlı iqtisadi artım; sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması; resurslardan effektiv istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik kimi 5 əsas sahə üzrə turizmin rolunun öyrənilməsi və vurğulanmasını nəzərdə tutur.

Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev FİTUR sərgisinə baş çəkmiş və bir sıra ölkələrin təmsilçiləri ilə ikitərəfli müzakirələr aparıb. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilib.