Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin cinayət xarakterli 251 material araşdırılıb.
SİA-nın verdiyi xəbərə görə, bunu yanvarın 16-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun ötənilki fəaliyyətinin yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, araşdırılan materiallardan 159-u üzrə cinayət işi başlanıb. Digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.
Baş İdarə rəisi qeyd edib ki, qurumun "161 – Qaynar xətt" əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Daxil olmuş materialların sayının ötən illə müqayisədə 1700-dən çox azalması "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı olub.