Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Klassik musiqi həvəskarları klubunun yeni ildə ilk tədbiri keçirilib. SİA-nın məlumatına görə, istedadlı pianoçu, bəstəkar, əməkdar artist İsfar Sarabski muzeydə caz musiqisi həvəskarlarının görüşünə gəlib.
Görüş İsfar Sarabskinin yaradıcılıq yolunu əks etdirən slayd şou ilə başladı və muzeyin foyesinin gənc pianoçunun uğurlu yaradıcılıq yolunu əks etdirən fotosərgi də qonaqlar tərəfindən maraqla qarşılanıb.
Görüşü açıq elan edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tədbir iştirakçılarını salamlayaraq yeni ildə ilk görüşdən məmnunluğunu ifadə edbi. Bildirib ki, İsfar Sarabski ilə görüş muzeyin daimi ziyarətçilər tərəfindən arzulanan layihələrdən biri idi və nəhayət ki, yeni ilin ilk günlərində biz musiqsevərləri sevindirə bildik. Qonaq haqqında məlumatı diqqətə çatdıran direktor əlavə etdi ki, pianoçu-bəstəkar "Zirvə" Dövlət Mükafatı laureatı olmaqla yanaşı 2009-cu ildə İsveçrədə keçirilən pianoçuların "Montreux jazz festivalı"nın da qalibidir.
Daha sonra söz qonağa verilib. İsfar Sarabski görüşdə iştirak edən hər kəsi salamlayaraq sənətinə olan diqqətə görə minnətdarlığını bildirib.Təqdim edəcəyi proqramın dinləyicilər tərəfindən bəyəniləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşün ilk hissəsi İsfar Sarabskinin ifasında rəngarəng musiqi nömrələrinin təqdimi ilə davam edib. Bəstəkar müəllifi olduğu əsərlərlə yanaşı,ölməz Vaqif Mustafazadənin repertuarından olan sintez şəkildə kompozisiyanı da tamaşaçılara təqdim edib. Hər bir musiqi nömrəsi böyük alqış və sevgilərlə qarşılanıb. Görüşün ikinci hissəsində isə pianoçu-bəstəkar tamaşaçıları maraqlandıran sualları cavablandırıb. Beləliklə də yeni ilin ilk və yaddaqalan daha bir görüşü muzeyin tarixinə unudulmaz xatirələrlə yazılıb.