Faiq Həsənov Azərbaycan şahmatının 2016-cı ildəki uğurlarından danışdı AÇIQLAMA

30 Dekabr 2016 14:52 (UTC+04:00)

"2016-cı il dünya şahmat aləmində ən əlamətdar hadisə Azərbaycanda yüksək səviyyədə keçirilən Ümumdünya Şahmat Olimpiadası oldu. Burada dünyanın 175 ölkəsindən ən güclü şahmatçılar iştirak etdilər. Ölkələrin sayı və yüksək təşkilatçılıq baxımından Bakı olimpiadası rekorda imza atdı. FİDE rəsmiləri, bütün mütəxəssislər və şahmatçılar qeyd edirlər ki, Azərbaycanda keçirilən şahmat olimpiadası təşkilatçılığa görə tarixdə ən yaxşı olimpiada oldu. Çox çətin ki, yaxın illərdə hansısa ölkə Ümumdünya Şahmat Olimpiadasını Azərbaycan kimi yüksək təşkilatçılıqla keçirsin. Olimpiadada iştirak edən qadınlardan ibarət milli komandamız 8-ci olmaqla yüksək nəticə əldə etdi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov deyib.

O qeyd edib ki, 2016-cı ildə kişi şahmatçılarımız da şəxsi yarışlarda bir çox uğurlara imza atıblar: "Şəhriyar Məmmədyarov dünyanın ən güclü şahmatçılarının iştirak etdiyi mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 3-cü Şəmkir superturnirinin qalib oldu. O, Çində keçirilən İntelektual Oyunlarda sürətli şahmat üzrə də birinci nəticə göstərdi. Oyunların blits üzrə yarışlarında isə Rauf Məmmədov qızıl medal qazandı".

AŞF-nin vitse-prezidenti gənc şahmatçılarımızın da il ərzində uğurlu çıxışları ilə yadda qaldıqlarını bildirib: "Gənc şahmatçılarımız hər il olduğu kimi, 2016-cı ildə də bizi sevindirdilər. 1991-ci ildən bu günə qədər elə dünya və Avropa çempionatı olmayıb ki, gənc şahmatçılarımız oradan medalla qayıtmasınlar. Bu il gənc şahmatçılarımız müxtəlif yaş qruplarında dünya və Avropa çempionatları, eləcə də məktəblilərin dünya və Avropa çempionatlarında 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Bu, çox yükək nəticədir".

F.Həsənov bu il Azərbaycanın "SOCAR-Azərbaycan" və "Odlar Yurdu" klublarının da beynəlxalq yarışlarda uğurla çıxış etdiklərini vurğulayıb. O, dekabr ayında Avropa çempionatında sürətli şahmat üzrə yarışda Rauf Məmmədovun bürünc, blits üzrə yarışda isə gümüş medal qazandığını bildirib. AŞF rəsmisi dünya çempionatında sürətli şahmat üzrə yarışda Ş.Məmmədyarovun 4-cü nəticə göstərdiyini qeyd edib.

O, xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.