Süleyman Vəzirov küçəsi təmir edilir

28 Dekabr 2016 11:17 (UTC+04:00)

Məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. SİA-nın "Azəravtoyol" ASC-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, sözügedən küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü 2 qat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları bərpa olunacaq.

Səth suların yolun hərkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq,baxış qapaqları yenilənəcək.

Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Təbii ki, aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyününü qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min m2 sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

"Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəilişi işləri aparılacaq.