Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur. SİA-nın xəbərinə görə, bu bardə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Parlamentin plenar iclasında müzakirəyə çıxarılan qanunun16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana biləcək.
Müzakirələr zamanı layihə ilə bağlı fikrini bildirən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bu ixtisaslaşmış mətbuatı kimin müəyyən etməsi qaranlıq qalır: "Kim müəyyən edəcək ki, filan mətbuat ixtisaslaşmış tibb üzrə mətbuatdır? Dilimizdə orqan köçürməsi ifadəsi olduğu halda, transplantasiya sözündən niyə istifadə edirik?"
Deputat təklif edib ki, Azərbaycanda insan orqanları köçürmələri yalnız qohumlar arasında yox, ümumiyyətlə bütün insanlar arasında olsun.
Daha sonra çıxış edən millət vəkili Qənirə paşayeva həmkarını dəstəkləyərək məsələ ilə bağlı öz fikrini bildirib.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.