NATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən "NATO Günləri" tədbiri çərçivəsində, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş zamanı nümayəndə heyətinə Azərbaycan-NATO hərbi əməkdaşlığı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramının Azərbaycan Silahlı Qüvvələrində tətbiqi və ölkəmizin NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı məlumat verilib, həmçinin NATO ilə əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdə NATO nümayəndə heyətinin diqqətinə regional təhlükəsizlik məsələləri də çatdırılıb.



