Türkiyənin Yerli Düşüncə Dərnəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda "Türk Filmləri Həftəsi" ilə əlaqədar tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək iyulun 15-də baş verən hadisə haqda danışıb: "Türk xalqı həmişə olduğu kimi, bu dəfə də xəyanətin qarşısını aldı. Xalq Türkiyə prezidentinin çağırışı ilə meydanlara, küçələrə çıxdı, xainləri şəhidlərin yumruğu ilə əzdi. Türk milləti böyükdür, onu xainliklə yox etmək, bölmək mümkün deyil. Türkiyəyə qarşı çıxanlar həmişə türk xalqının dəmir yumruğu ilə əziləcək. Ən azı Azərbaycan xalqını da əlavə etsək, 100 milyondan çox insanın ürəyi türk milləti ilə atdı. Türkiyə və Azərbaycan xalqı ətlə dırnaq kimi bir-birindən ayrılmayacaq qardaş xalqlardır. Biz bir millət, iki dövlətik. Azərbaycan xalqı prezident İlham Əliyev başda olmaqla, 15 iyulda Türkiyənin yanında olduğunu nümayiş etdirdi".
Mərasimdə Yerli Düşüncə Dərnəyinin sədri, AKP Ordu millət vəkili Mətin Gündoğdu da fikirlərini dilə gətirib: "Türk Filmləri Həftəsi" çərçivəsində Türkiyədə 15 iyulda nələrin baş verdiyini bir daha nəzərə çatdırmaq istəyiblər. Mən tədbirlə əlaqədar Türkiyənin Azərbaycandakı səfiri ilə danışanda bildirildi ki, Bakıda 15 iyul şəhidinin azərbaycanlı həyat yoldaşı var. Nigar xanımın həyat yoldaşı Mahmud Çoşqunsu 15 iyulda İstanbulda, körpüdə şəhid olub. 15 iyul bir işğal cəhdi idi. 244 şəhid və 2126 qazi ilə bu cəhdin qarşısı alındı. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi. Eyni zamanda qonşu dövlətlər, İran, Suriya da bundan daha çox ziyan çəkəcəkdi. Fətullahçı Terror Təşkilatı (FETÖ) 40 ildir ki, təşkilatlanıb. FETÖ olduğu bütün coğrafiyalarda, ölkələrdə, Qazaxıstanda, Qırğızıstanda, Azərbaycanda, Afrikada bu cür çevriliş cəhdləri edə bilər".
Tədbirdə söz alan Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçu filmlərin xalqların bir-birini tanıması üçün mühüm vasitə olduğunu xüsusi ilə diqqətə çatdırıb: "Mən mədəniyyət naziri olan zaman qardaş xalqların filmlər vasitəsilə bir-birini yaxından tanımasına çalışdım. Bu çərçivədə də müxtəlif ölkələrdə "Türk Filmləri Həftəsi" təşkil edilməyə başladı. Azərbaycanla Türkiyə qardaş ölkədir".
Y. Topçu onu da deyib ki, Xocalı soyqırımı dünyanın gözləri qarşısında törədilib: "Bu münaqişə olmasa, Azərbaycan Asiyanın və bölgəsinin rifahının açarı olacaqdı. Qarabağ münaqişəsi ilə Azərbaycanın qarşısını almağa çalışırlar. Asiyanın rifahı Azərbaycanın ayağa qalxması ilə bağlıdır, Türkiyənin ayağa qaxması Balkanların, Orta Şərqin, Afrikanın ayağa qalxması deməkdir. Türkiyə ayaq üstdə olarkən kimlərsə bölgədə rejimləri dəyişdirə bilməz".
Qeyd edək ki, tədbir çıxışçılarla davam edib.



