Qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunan "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransı keçirilir. SİA-nın xəbərinə görə, tədbir Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin inkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Departamentinin Narkotiklər və hüquq mühafizəyə dair beynəlxalq məsələlər üzrə Bürosunun və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə ilk çıxış edən AQUPDK sədri Hicran Hüseynova söyləyib ki, illərdir ölkəmizdə qadın zorakılığına qarşı mühüm tədbirlər həyata keçirilir: "Bu problem bütün dünyada mövcuddur. Komitəmiz bir çox qurumlarla bu istiqamətdə sıx iş birliyi aparır. Problemin qarşısını almaq üçün cəmiyyət sıx birləşməlidir. Lakin sevindirici haldır ki, ölkəmizdəki beynəlxalq təşkilatlar Azərbaycanda bu problemin aradan qaldırılması üçün iş görməkdə maraqlıdırlar. Maarifləndirmə bu işdə mühümdür".
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai isə bildirib ki, qadınlara qarşı zorakılığa son qoymaq üçün dövlət qurumları və beynəlxalq inkişaf agentlikləri arasında əməkdaşlığın rolu vacibdir. Onun sözlərinə görə, gender əsaslı zorakılıq təkcə fərdin hüququnun pozulması deyil, cəmiyyətdəki qeyri- bərabərliyin təzahürünün göstəricisidir. Bu problemin həlli bu sahədə daha ağıllı proqramların həyata keçirilməsinə əsas yaradır. Müvafiq struktur bərabərsizliyi aradan qaldırılmalıdır. Dayanıqlı inkişaf qadınlara əsas xidmət göstərilməsi, cinayət qurbanlarına yardım məqsədi daşıyır. Istənilən proqramın təsir gücünə malik olması üçün maliyyə dəstəyinə ehtiyacı var. Bu tədbirə görə bütün qurumlara təşəkkür edirəm, əminəm ki mesajımız lazımı yerlərə çatacaq".
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə qeyd edib ki, bir çox qadınlar ailə üzvləri və ya ətrafdakılar tərəfindən zorakılığa məruz qalırlar: "Biz müxtəlif qurumlarla birləşib, müxtəlif layihə və proqramlar vasitəsilə buna yardımçı ola bilərik. Belə kampaniyalar maarifləndirmə baxımdan çox mühümdür. Ölkələrdə müdafiə mexanizmi inkişaf etməliyik. Biz qadınların hüquqlarını təmin etməliyik. ABŞ Azərbaycanın bu istiqamətdəki səylərini alqışlayır. Azərbaycanda məişət zorakılığı haqqında qanun var. Hər kəs cəmiyyətdə mövcud olan ayrı-seçkiliyə qarşı mübarizə aparmalı, belə hallara göz yummamalıdır. Biz məktəblərlə işləməli, onları məlumatlandırmalıyıq. Yalnız belə tədbirlər nəticəsində gender bərabərliyinə nail ola bilərik".
Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməlidir: " Milli Məclis hər zaman bu işlərdə fəallığını göstərməkdədir. Qadın zorakılığı ilə bağlı elə tədbir yoxdur ki, orada parlament təmsilçisi iştirak etməsin. Ölkəmizdə bununla bağlı qanunvericilik bazası var və ölkəmiz beynəlxalq konvensiyalara qoşulub.Təbii ki, bu məsələdə cəmiyyətin də rolu böyükdür".
Dini Qurulmlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, qadın zorakılığı dünyada gedən proses olduğu üçün BMT Tərəfindən bir sıra sənədlər qəbul olunub: "Bəzən bu cür məsələləri kişilərin daha güclü olması, bəzi yerlərdə adət-ənənələr, bəzən də dini məsələlərlə bağlayırlar. Lakin biz XXI əsrdə yaşayırıq. İndiki zamanda güc heç müharibədə də rol oynamır. Çünki müharibədə əsas silahdır. Onu kişi də idarə edə bilər, qadın da. Zorakılıq bir neçə cür- fiziki, cinsi, psixoloji olur. Ümumbəşəri səviyyədə qəbul edilən sənədlərdə qadınlara qarşı zoradkəlğın qarşısının alınmasında təhsil, müstəqillik önə çıxarılır. Statistikaya əsasən hər üç qadından biri zorakılığa məruz qalır. Amma bu ölkələrə görə fərqlidir. Mən əminəm ki, qadın zorakılığına qarşı mübarizədə Azərbaycan nümunə ölkə olmaq əzmindədir".
Tədbir çıxışlarla davam etdirilib.
Sonra Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi "ASAN radio" və BMT-nin Əhali Fondunun həyata keçirdiyi "Sosial media üçün ən yaxşı audio-ssenari" müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb.
Qeyd edək ki, "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası hər il noyabrın 25-də başlayır və dekabrın 10-dək davam edir.