Ərdoğandan NATO-ya XƏBƏRDARLIQ

20 Noyabr 2016 17:30 (UTC+04:00)

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə bağlı NATO-ya xəbərdarlıq edib. "France-Presse" agentliyi yazır ki, R.T.Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.

R.T.Ərdoğan terrorçuluqda günahlandırılan və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.