“ASAN imza” sertifikatlarının sayı 49 min 531 ədəd olub

12 Noyabr 2016 15:58 (UTC+04:00)

Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən "ASAN imza" ilə bütün e-xidmətlərdən istifadə etmək mümkündür. Sözügedən imza gücləndirilmiş elektron imza vasitəsi olduğundan, onunla imzalanan sənədlər ölkə qanunvericiliyinə əsasən əl ilə edilmiş imzaya bərabər sayılır.

"Vergilər.az" saytı bildirir ki, bu ilin 3-cü rübü ərzində "ASAN imza" sertifikatlarının sayı 49 min 531 ədəd olub. Onlardan 25551-i "Şəxsi", 22,825-i "İş", 1155-i isə "Dövlət və bələdiyyə" tipli sertifikatlar təşkil edib.

Ötən ilin müvafiq dövründə isə verilən "ASAN imza" sertifikatlarının sayı 33,734 ədəd olub. Bu rəqəmlərin müqayisəsi göstərir ki, 2016-cı ilin 3-cü rübündə verilən "ASAN imza" sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,8 faiz çoxdur.