Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilmiş "Global Constuction" MMC təsisçilərindən biri Hüseynbala Əlizadə ifadəsində deyib ki, o, 2015-ci ilin may ayına qədər 50 faiz payla şirkətdə işləyib: "Digər "Qlobal Stone" MMC-də isə 30 faizlə təsisçilərdən biri olmuşam. Miryusif Mahmudovla səlahiyyətlərimizdə fərq yox idi. Direktorlar öz işlərini sərbəst şəkildə həyata keçirirdilər. Biz onların işinə müdaxilə etmirdik. Miryusif Mahmudovla biz 6 ay ya da ildə bir dəfə iclaslarda iştirak edir və hesabatları alırdıq".
Zərərçəkmiş şəxs Xəyyam Babayev ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsindəki xüsusatları, eləcə də yanğının ilkin başladığı sahəni bir daha göstərərək tam təsdiq edib: "Mən Milli Təhlükəsizlik Nazirliyində əməliyyatçı vəzifəsində işləmişəm. Həmin hadisə baş verən zaman evdə idim. Pəncərədən tüstünün evə daxil olduğunu gördüm və dərhal aşagıya düşərək ərazidə olan polislərə yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verib-vermədiklərini soruşdum. Sonra yenidən mənzilə qayıdıb usaqlarımı götürüb avtomobilimə əyləşib oranı tərk etdim. Mən artıq binadan aşağı düşəndə hər yeri tüstü bürümüşdü. Mən 2012-ci ildən həmin binada yaşayıram".
Dövlət ittihamçısı Fərid Nağıyev zərərçəkmişə həmin binadan özünü atan şəxsi tanıyıb-tanımadığını soruşsa da o tanımadığını deyib.
"Qlobal Stone" MMC-nin baş mühəndisi Mehdiyev Nəsimi Rəsul oğlu ifadəsində göstərib ki, o 2014-cü ilin yanvar ayında "Global Stone" MMC-də mühəndis kimi işə qəbul olunub, sonradan baş mühəndis vəzifəsinə təyin olunub: "Global Stone" MMC-nin baş direktor Uğur Bəşirovdur. Həmin şirkətdə təxminən 20 nəfər adam işləyir. Qəlibləmə prosesində əlavə heç bir qatqıdan istifadə olunmayıb. Məhsullarımızın da keyfiyyəti yaxşı idi, malların sertifikatı vardı. Poliuretan məhsullarının yanğına dayanıqlığını biz özümüz də dəfələrlə sınaqdan keçirmişik".Şahid qeyd edib ki, təsisçilər şirkətin işlərinə müdaxilə etməyib.
Vəkil şahidə işlədiyi müddətdə təsisçiləri tanıyıb-tanımadığını sualını verib. O isə hər kəsi tanıdığını dilə gətirib.
Xatırladaq ki, o ibtidai istintaqa ifadəsində göstərib ki, poliuretan məhsulunun tərkibi İzosiyanat və poliol adlı iki maddədən, kompanentdən ibarətdir. Həmin maddələr maye halında xammal şəklində Türkiyədən alınaraq Azərbaycana gətirilir, daha sonra xüsusi dəzgaha tükülərək kimyəvi reaksiya baş verir və maye halında olan maddələr bərk maddə olan poliuretan maddəsinə çevrilir. Dəzgaha 55% izosianat, 45% poliol maddəsi tökülür. Qeyd edilən faiz dərəcələri dəzgahın komüterinə əvvəlcədən yerləşdirilir və faiz nisbəti dəyişdirilmir. Mayelər dəzgahda qarışdıqdan sonra daş və silekon materialdan olan qəliblərə tökülür.Həmin dövrdə baş mühəndis vəzifəsini kimin icra etməsini bilmir, baş mühəndis vəzifəsini icra etmiş şəxs məhsulun istehsalından sonra oda davamlı boyanın vurulmasına da nəzarət etməli idi. "Global Stone" MMC-də istehsal edilmiş məhsulların keyfiyyətinə, oda davamlılığına dair müvafiq icra hakimiyyəti orqanlarından sertifikatlar alınmаsındаn heç bir məlumatı yoxdur. "Global Stone" və "Global Construction" MMC-nin təsisçisi və əsas rəhbəri olan Miryusif Mahmudov da şirkətin fəaliyyətinə nəzarət edir. Miryusif müəllimdən başqa onun köməkçisi olan Ələkpər Əsgərov şirkətin fəaliyyəti ilə maraqlanır və rəhbərlik edir. Ələkpər Əsgərov "Global Stone" və "Global Construction" şirkətlərinin əlaqələndirilməsi işini həyata keçirməklə faktiki olaraq hər iki şirkətin fəaliyyətinə nəzarət edir. Ələkpər Əsgərov qurumun Gərayzadə 23a ünvanında yerləşən ofisində oturur. Şirkətlərin fəaliyyəti ilə bağlı məsələlər Miryusif Mаhmudоv olmayanda Ələkpər Əsgərova məruzə olunur və onunla razılaşdırılır. Ələkpər Əsgərоvun səlahiyyətləri faktiki olaraq baş direktor Uğur Bəşirovun səlahiyyətlərindən çox оlub.
Şahid qismində dindirilmiş, "Global Stone" MMC-nin istehsal sexində baş usta işləyən Mehdiyev Rizvan Zahid oğlu ifadəsində bildirib ki, qaynaqçı təhsili alıb, Göygöl rayonunda fərdi qaydada qaynaqçılıqla məşğul olub, 2011-ci ildə həmin sahə üzrə işləmək üçün Bakıya gələrək "Global Stone" şirkətinin direktoru Ələkpər Əskərovla görüşüb və sonuncu onu qaynaqçı kimi işə qəbul edib. O, əlavə edib ki, zavodda qəliblənmə işlərinə 2011-ci ildən başlanılıb və xam maddə isə Türkiyədən alınıb.
Daha sonra məhkəmənin növbəti iclası noyabrın 8-i saat 12:00-a keçirilib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.