FİFA referisi: "Xaricdə oyun idarə etmək ölkə çempionatından asandır" AÇIQLAMA

1 Yanvar 2005 00:00 (UTC+04:00)

"Dünya çempionatının seçmə mərhələsinin Kipr - Cəbəllütariq qarşılaşmasını idarə edəcəm. Məsuliyyətli oyunu idarə etmək üçün özümü hazır hiss edirəm". Bunu SİA-ya açıqlamasında FIFA referisi Əliyar Ağayev deyib.

O qeyd edib ki, beynəlxalq oyunları digər qarşılaşmalardan fərqləndirmir: "Məndən başqa iki hakimimiz - Xəqani Məmmədov və Anar Salmanov da dünya çenmpionatının seçmə mərhələ oyunlarında idarəçilik edir. Şəxsən mənim üçün bu oyunlar digərlərindən fərqlənmir. Bütün qarşılaşmalar məsuliyyət baxımından eynidir. Bizə hər bir oyuna görə qiymət verilir. Qarşılaşmaları kateqoriyaya bölmürük".

Referi xaricdə oyun idarə etməyin daha asan olduğunu bildirib: "Beynəlxalq oyunlara təyinat alanda həmin komandaları öncədən təhlil edir, oyunçuları, taktikalarını öyrənirik. Xaricdə oyun idarə etmək ölkə çempionatından asandır. Bütün hakimlər bunu təsdiqləyirlər. Yerli çempionatı idarə etmək daha çətindir".

O, idarəçilik üçün hazırlıq səviyyəsinin yüksək olduğunu vurğulayıb: "Həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazıram. Ümumiyyətlə hazırlığa xüsusi önəm veririk. Əksər oyunlarda matç başa çatan kimi, hər iki komandanın futbolçuları və məşqçilər korpusu minnətdarlıqlarını bildirirlər. Hakim inspektoporların qiyməti yaxşı olanda növbəti təyinata güman yaranır".

Qeyd edək ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək Kipr - Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.