Rəqəmsal yayıma keçidin müsbət və mənfi tərəfləri Ekspert ŞƏRHİ

1 Noyabr 2016 12:12 (UTC+04:00)

"Rəqəmsal yayıma keçidin müsbət tərəfləri çoxdur. Bu, keyfiyyətli yayıma, mövcud texniki vasitələrdən səmərəli istifadəyə imkan verir, həmçinin burada müəyyən qədər interaktivlik var". Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkəmizdə rəqəmsal yayıma keçidlə bağlı danışarkən deyib.

O bildirib ki, rəqəmsal yayımın üstünlükləri çoxdur və bunun keyfiyyəti müzakirə predmeti ola bilməz: "Bu, müasir bir yayım formasıdır. Azərbaycanda bir müddətdir ki, rəqəmsal yayıma hazırlıqlar aparılırdı. Amma hazırlıqları yetərli hesab etmək olmaz. Yəni rəqəmsal yayımı avadanlıq qəbul etməlidir. Televizor bu siqnalı qəbul edə bilməlidir. Televizorların böyük əksəriyyərtində bu imkan var, amma keçmişdə qalan antena ilə və televizorlarla bu siqnalı qəbul etmək mümkün deyil. Bunun üçün əlavə avadanlığa ehtiyac var və bunun adı dekoderdir. Gərək köhnə antenalara bu avadanlıq qoşulsun, bundan sonra televizora birləşdirilsin ki, siqnalı qəbul edə bilsin. Aparılan müəyyən araşdırmalara görə əhalinin müəyyən qismində bu imkan yoxdur, yəni televizorları köhnədir".

Ekspert deyib ki, Milli Televiziya və Radio Şurası(MTRŞ) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi o vaxt hökumətə müraciət etmişdilər ki, müəyyən vəsait ayrılsın və bu dekoderlər əhaliyə pulsuz verilsin: "Təəssüf ki, bu proses uzandı və hökumət bunu dəstəkləmədi. Dekoderlərin alınması üçün 3-4 milyon pul lazım idi. Hökumət başqa bir addım atdı, rəqəmsal yayımla bağlı ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumundan və müxtəlif rüsumlardan azad edildi ki, bazarda qiyməti endirilsin. İndi situasiyanın necə olmasını öyrənmək üçün monitorinq aparılmalıdır. Bu gündən etibarən vəziyyətin nə yerdə oluğunu öyrənmək mümkün olacaq. Hesab edirəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, MTRŞ monitorinq aparmalıdır. Nazirlik bəyan edib ki, onun "Azərpoçt" qurumları vasitəsilə müəyyən vəsait ödəməklə bu dekoderlər əldə edilə bilər. Aidiyyatlı dövlət qurumları kimlərin trelevizora baxa bilməməsinə dair araşdırmalar aparmalıdırlar. Bu, kifayət qədər əhəmiyyətli məsələdir, evdə televizor işləmirsə, informasiya əldə edə bilmirsən, bu da doğru deyil. Azərbaycan qanunvericiliyinə görə hər bir insanın informasiya əldə etmək hüququ var. Ona görə də müəyyən araşdırmalar aparılıb, həmin insanlara kömək edilməsi düzgün olardı".