“ABŞ-da seçicilərin seçkidə iştirakından söhbət gedə bilməz” RƏY

29 Oktyabr 2016 11:11 (UTC+04:00)

"ABŞ-da illərdir ki, prezidentlik uğrunda mübarizə iki partiyanın - Respublikaçıların və Demokratlar namizədləri arasında gedir. ABŞ demokratiyasına əsasən burada birbaşa deyil, vasitəli seçki sistemindən istifadə olunmur. Bu isə o deməkdir ki, seçici birbaşa namizədin özünə səs verə bilmir". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

O xatırladıb ki, ABŞ-da prezidenti ştatlar üzrə seçki kollegiyaları seçir: "Deməli, prezident xalq tərəfindən seçilmir. Başqa sözlə, ABŞ-da seçki sistemi vətəndaşların və seçicilərin üzərində deyil, aristokratların və elitanın üzərində qurulub. Demokratiya dərs keçən Birləşmiş Ştatlarda həbs olunan, üzərində cinayət işi olan insanlar seçkidə iştirak edə bilməzlər. Bu, demokratiya anlayışına uyğun olmayan bir yanaşmadır. İnsanın həbsə düşməsi onun seçkidə iştirak hüququnu necə əlindən ala bilər?! Bu məqamda ABŞ seçki sistemindəki boşluğu göstərir. Başqa bir çatışmazlıq kimi isə ölkədə bir nəfərin müxtəlif ştatlarında qeydiyyat olub, bir neçə dəfə səs verə bilməsini vurğulamaq olar".

R.Alıyev qeyd edib ki, seçki kampaniyası müddətində nazmizədlər bir- birinə qarşı qeyri- etik ifadələrdən istifadə edir, təhqiramiz ifadələr işlədirlər: "Çox maraqlıdır ki, prezident Obama vaxtilə öz rəqibi olan Hillari Klintona açıq şəkilə dəstək verir. Bu doğru yanaşma deyil. Həmçinin, ABŞ KİV-ləri, federel qəzetlər, informasiya agentlikləri heç biri Trampın çıxışlarını vermirlər. Çünki ABŞ dövləti və Obama Klintonu dəstəkləyir. Bu həm də o deməkdir ki, ABŞ da heç bir mətbuat orqanı hansısa namizədi dəstəkləmək ixtiyarında deyil. Seçki sistemində böyük maneələr var, dövlətdən gələn sifarişlər nəəticəsində namizədlərin çıxışlarına imkan yaradırlar".

Politoloq əlavə edib ki, ABŞ-da seçkilərdə beynəlxalq təşkilatların nümayəndələrin iştirakı tamamilə məhdudlaşdırılır: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən 2008 və 2012-ci illərdə aparılan müşahidələrdən sonra bəyan edilmişdi ki, seçkilərdə iştirak üçün yüksək səviyyədə maliyyə tələb olunur. Azərbaycanla müqaqyisə etsək, bizim ölkəmizdə seçkilər iştirak edən namizəd heç bir maliyyə ödəmədən seçkilərdə iştirak edir, hətta dövlət tərəfindən onlara müəyyən məbləğdə vəsait ayrılır. ABŞ-da seçkilər xalqın deyil, elitanın, dövlətin və oliqarxların seçkisi kimi qiymətləndirilməlidir. Çünki insanların seçkidə iştirakından söhbət gedə bilməz".