Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Mənim sevimli Özbək mətbəxim" adlı festival keçirilib. Festivalda Rusiya, İndoneziya, Çin, Azərbaycan, Qazaxıstan, ABŞ və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər.
Tədbirin açılışı olub, bir sıra ənənəvi Özbək mahnıları ifa olunub. Rəsmi açılışda çıxış edən Özbəkistan xarici işlər nazirinin müavini Abduraxim Xocayev tədbirin Özbəkistanın müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini və əsas məqsədin ölkənin milli mətbəxinin təbliğ edilməsi olduğunu qeyd etdi. O, tədbirdə iştirakçı ölkələrin öz mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkan qazandıqlarını söyləyib.
Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb və guşə iştirakçıların marağına səbəb olub. Guşədə milli mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılar Azərbaycan milli mətbəximizə aid dolma, çığırtma, kükü, habelə şəkərbura, paxlava və s. şirniyyatlara qonaq ediliblər. Milli stendimizdə Özbək milli mətbəxinə aid "Gülxanım" yeməyi hazırlanıb. Azərbaycan təmsilçiləri tərəfindən hazırlanan Özbək yeməyi iştirakçıların böyük marağına səbəb olub.
Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb. Mükafat Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyevə təqdim edilib.
Festivalda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.


.jpg)


