Yaradıclıqdan seçmələr

14 Oktyabr 2016 15:30 (UTC+04:00)

Ömrünü Sumqayıt tıhsilinin inkişafına sərf etmiş, gözəl pedaqoq, xeyirxah insan, çoxlu savadlı şagirdlər yetişdirmiş, 70 yaşlı şair, müəllim Ələsgər Həsənlinin yaradıclığından seçmələr

Şəhidlər Xiyabanında

Burda kədər var ki, ağırdır ağır,

Sükut var sahilsiz ümmandan dərin.

Burda yağış deyil, göz yaşı yağır,

Çat-çatdı sinəsi qəmdən bu yerin.

Ölməzlik ucalır hər addım başı,

Üçrəngli bayraqlar dikəlir göyə.

Bir oxdu, nizədi hər bir baş daşı,

Düşmənin gözünə sancılsın deyə!

İtkilər, itkinlər saysız, hesabsız,

Qızarır lalətək məzarlar burda.

Vətənin qeyrəti ər oğul, ər qız,

Vətənin uğrunda baş qoyub yurda.

Vətən şəhidiylə vətəndir demək,

Vətənə azadlıq gətirmək üçün; -

Onlar azadlığın toxumları tək

Torpağın təkinə səpilir bu gün.

22.01.1990

Keçdin

"Türkmənçay sülhünü"

sizə bağışlamayacaqlar"

A.Qriboyedov.

Taxtın dağılaydı Vəliəhd sənin,

Nədən dost-doğmaca ocaqdan keçdin?

Su aldın ağzına Şah ola-ola,

Dilini unutdun, dodaqdan keçdin.

Qılınc var ikən ,qələm işlətdin,

Sən nəyə qol çəkdin, güzəştə getdin?

Həsrəti bir xalqa ərmağan etdin,

Tacını qorudun, papaqdan keçdin.

Silinməz bir ləkə vurdun millətə,

O tayı, bu tayı saldın zillətə,

Qərq etdin vətəni qatı zülmətə,

Əzəli bir olan çıraqdan keçdin.

Şah idin işinin biləydin çəmin,

Baş əydin önündə ağıldan kəmin,

Üstünə yeriyən dərdin, ələmin,

İçindən keçmədin, qıraqdan keçdin.

Yurda dönük çıxdın, yurda yanmadın,

Yağının hiyləsin sən duyammadın,

Bir ovuc torpağı qoruyammadın,

Başından keçmədin, torpaqdan keçdin.

Gedirəm

Dostlar, gəlin vidalaşaq,

Tükəndim, varıb gedirəm.

Yolum daşlı-kəsəkliydi,

Daş-qaya yarıb gedirəm.

Tanrım məni fağır görüb,

Əcəli sovqat göndərib,

Sevincimi sizə verib,

Qəmi aparıb gedirəm.

Yaylamadım dağda, düzdə,

Bitəmmədim yolda, izdə,

Gözüm qaldı sazda, sözdə

Bəxt üz döndərib, gedirəm...

Həsənliyəm, güləmmədim,

Yurd qədrimi biləmmədim,

Torpağımda öləmmədim,

Qəribdim, qərib gedirəm.

O yerdə

Bir kənd vardı dağ döşündə, naillac,

Qoymadılar binə salam o yerdə.

Gül-çiçəkdən dağlar indi qoyub tac,

Gözəlliyə təslim ollam o yerdə.

Külək olam ormanında hey əsəm,

Bulaqların görüşünə tələsəm,

Şəlaləya qoşulası bir səsəm,

Duyğulardan mən asıllam o yerdə.

Çöl quşunun cəh-cəhinə vurullam,

Çəmənlərdə sübh şehi tək durullam,

Yaşıl-yaşıl budaqlara sarıllam,

Yerdən-göydən ilham allam o yerdə.

Yurd həsrətli nəğmə susub dilimdə,

Dönəmmirəm didərginəm elimdə,

Xətai tək şahlıq olsa əlimdə,

At oynadıb, qılınc çallam o yerdə.

Həsənliyəm el-obama uyğunam,

Adətinə, ülfətinə vurğunam,

Yorğun düşən yolçusuyam, yorğunam,

Girov düşüb bürcüm, qalam o yerdə.

12 may 1996

Sevdim, kədərim oldun

Sevdim, kədərim oldun,

Kədərin nə kədərmiş?

İlk barım, ilk bəhərim,

Bəhərin nə bəhərmiş?

Qaldın o gənc çağında,

Ağlayır torpağın da,

Son sözün dodağımda,

Qəhərin nə qəhərmiş.

Eh, nə deyim sənə mən,

Xəbərin yox ünümdən,

Açılmayır o gündən,

Səhərin nə səhərmiş.

Getdin, biryolluq getdin,

Ömrümü tarmar etdin,

İçdin, mənə içirtdin,

Zəhərin nə zəhərmiş.

1974

Qaldım həsrətində

Qaldım həsrətində o adğın, daşın,

Yuvadan perikən bir quş kimiyəm,

Üzünə həsrətəm qohum-qardaşın,

Haçandı sərgərdan, bihuş kimiyəm.

Oba itirmişəm, el itirmişəm,

Qəlbimə ağrılar salıb o yerlər,

Gözümdə, könlümdə dərd bitirmişəm,

Xaçoya, Vağoya qalıb o yerlər.

Daha tüstülənmir ata ocağı,

Bir evin üstümdə kölgəsi yoxdur,

Bir ümid yerimin sönüb çırağı,

Bir dayaq nöqtəmin ilgəsi yoxdur.

Çiynimə yük olub bir elin yası,

Fikrimdə, hissimdə şimşəklər çaxır,

Mənim taleyimdə dəniz dalğası,

Mənim gözlərimdən Kür, Araz axır.

Oynayır

Hər çalınan hava üstə,

Süzür kefsiz, dəm oynayır,

Yallı gedir dəstə-dəstə,

Hər ağıldan kəm oynayır.

Nə çal-çağır, nə həvəsdir?

Yorulan da demir bəsdir,

Gözü əldə yetim-yesir,

Həm ağlayır, həm oynayır.

Döz deyirlər, dözüb durur,

Heçə varsın belə qürur!

Başda biri oyun qurur,

Ayaqdakı cəm oynayır.

Faciələr bitirən biz,

Yad tənəsi götürən biz,

Torpaqları itirən biz,

Kimdi qalıb, kim oynayır?!

Kimsəsizmi, sahibsizmi bu ölkə?

Kimsəsizmi, sahibsizmi bu ölkə?

Əldən getdi, qismət oldu yada var.

Tariximə yenə düşdü ağ ləkə,

Öndə hələ neçə qan var, qada var.

Laçın, Şuşa, Kəlbəcərsiz üz gülər?-

Üstümüzə dərə gülər, düz gülər,

Özümüzlə vurdu bizi özgələr,

Ürəklərdə yanan məşəl, oda var.

İstəmədən tapır bizi dərd həmən

Zaman-zaman nədən olduq dərd əmən,

Kədərini gözlərimlə dərdim mən,

Dərdə düçar harda belə ada var?

Ərənlərim bir-birini daşlayır,

Ay Həsənli, gözlərindən yaş,

İçimizdə qeyrətsizlər yaşayır,

Görməmişdik torpaq satan, o da var.

* * *

Üyündüyüm dəyirmanın

Aldatdı çaxı-çaxı məni.

Altındaca ərdi keçdi

Bu dünyanın çarxı məni.

Dərdim üstən dərd düzülür,

Əllərim göydən üzülür,

Gözümün yaşı süzülür,

Gözlərimdən oxu məni.

Yolsuzlar ada çatdılar,

Yoluma kəmənd atdılar,

Başımı elə qatdılar,

Apardı bir yuxu məni.

Başçı var başsız gəmidi,

Nə dayıdı, nə əmidi,

Tikanlı çəpər kimidi,

Qoymaz keçəm arxı məni.

Sönər çatdığım od-ocaq,

Korocaq oldum, korocaq,

Çəkib hara aparacaq,

Bu bazarın nırxı məni.

* * *

Şair ömrü yaşamadım,

Qırxı keçdi yaşım mənim.

Haqq-ədalət sorağında

Ağrı çəkdi başım mənim.

Yollarımı bağladılar,

Xoş günümdə ağladılar,

Ümidimi doğradılar,

Başlandı sərt qışım mənim.

Qıfıllandı dinən dilim,

Açılmadı arzu gülüm,

Getdi hədər ayım,ilim,

Ağır oldu daşım mənim.

Boran gördüm,vermədim bar,

Duymaz məni hər qəlbi dar,

Nə yaxşı ki, doğmalar var,

Yada qonmaz quşum mənim.

Həsənliyəm, dözüməm mən,

Keçəm doğur səhərimnən,

Baş-Başlayam kədərimnən,

Qəmdən gəlir xoşum mənim.