"Gənc mədəniyyət işçilərinin fəsliyyəti barəsində" mövzusunda 2016-cı ilin dekabr ayında təşkil olunacaq Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasına hazırlıq məqsədilə MEMM-in növbəti görüşü cari ilin 13 oktyabr tarixində Balakən rayonunda təşkil olunub. SİA-nın verdiyi məlumata görə, Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şəfəq Hacıyeva tədbiri açaraq qonaqları salamlamış və rayonun gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun fəaliyyəti barəsində məlumat verib.

Rayonun Heydər Əliyev mərkəzində keçirilmiş görüş zamanı MEMM-in əməkdaşları Aygün Balabəyova, Pərvanə Hüseynova, Toğrul Hidayətzadə və Nurəddin Babayev Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verərək qarşıda duran strateji vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə görülə biləcək layihələr barəsində fikir mübadiləsi aparıblar.

Kollegiya iclası zamanı səslənə biləcək problemlərin müzakirəsi çərçivəsində xüsusi olaraq əməkdaşların təhsili, təşəbbüskarlıq mühitinin inkişafı habelə rayon mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi kimi vəzifələr ətraflı müzakirə olunub.

Mərkəzin direktoru Asif Usubəliyev Azərbaycanda reallaşan mədəniyyət siyasətinin prioritetlərini bildirib və bu istiqamətdə potensialların səfərbər olunmasınının vacibliyini qeyd edib. Regionlarda mədəniyyət müəssisələrinin imicinin artırılmasında gənc mədəniyyət işçilərinin rolunu qeyd edən A.Usubəliyev orada yaşayan gənclərin bu sahədə nüfuzunun artırılmasına dəvət edib.

Daha sonra görüş iştirakçıları rayonun tarix və tarix-diyarşünaslıq muzeyinə səfər etmiş və onlar üçün kiçik konsert proqramı da nümayiş olunub.

Qeyd etmək istəyirik ki, sözügedən kollegiyaya hazırlıq iclası daha öncə Lerik rayonunda Masallı, Lənkəran, Cəlilabad və Astara rayonlarının gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilib.