“Şekspir Xalçası” müsabiqəsinə yekun vurulub

14 Oktyabr 2016 14:06 (UTC+04:00)

British Council Azərbaycan Rəssamlıq Akademiyası və Xalça Muzeyi ilə birgə Şekspirin anadan olmasının 450-ci ildönümü ilə bağlı keçirdiyi Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, bu münasibətlə Xalça Muzeyində keçirilən tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib ki, bu gün demək olar bütün dünyada Şeksprin yubileyi qeyd edilir. O, "Şekspir Xalçası" müsabiqəsinin bütün dünya üzrə ilk dəfə Azərbaycanda keçirildiyini və bu kimi təşəbbüslərin iki ölkəni daha da yaxınlaşdırdığını vurğulayıb: "Biz bu müsabiqəni böyük qürurla elan etmişik və şadam ki, müsabiqə uğurla başa çatdı. Statistik hesablamalara görə, dünyada hər dəqiqə hansısa məkanda Şeksprin əsərləri oynanılır. Azərbaycan da Şekspir yaradıcılığına böyük diqqət görürəm. Onun əsərləri Azərbaycan dili daxil olmaqla, demək olar ki, dünyanın bütün dillərinə tərcümə olunub. Mən bu müsabiqədə münsifi olmaqdan böyük zövq aldım. Təqdim edilmiş ideyalar, dizaynlar məni məftun etdi".

British Councilin Azərbaycan üzrə rəhbəri Elizabet Uayt bu müsabiqənin Şərqin estetikası ilə Qərbin fəlsəfəsini qovuşdurduğunu deyib. Onun sözlərinə görə , layihəyə may ayında start verilib və may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox dizayn təqdim edilib. Xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı Azərbaycan ənənələrini əks etdirir.

Xalça Muzeyinin direktoru Şirin Məlikova müsabiqənin əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.

Daha sonra qaliblər mükafatlandırılıb. Qalib gəlmiş üç dizaynda xalçalar toxunulacaq. Müsabiqənin ümumi qalibi Telman Şıxıyev isə Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrınına səhayət mükafatına layiq görülüb.