Azərbaycanda internetin infrasturukturuna TƏKLİF

6 Oktyabr 2016 16:10 (UTC+04:00)

"Azərbaycanda internetin qiyməti və keyfiyyəti ilə qətiyyən razı deyiləm". Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, Azərbaycan hər adambaşına düşən internetin sürətinə görə qonşu dövlətlərlə müqayisədə geridə qalır: "Beynəlxalq təşkilatların Azərbaycana daxil olan internetin adam sayına nə qədər düşməsi ilə bağlı açıqlamaları var. Əgər bu rəqəm qonşu ölkələrdə 10-15 meqabitdirsə, bizdə 1-4 ətrafında dəyişir. Hesab edirəm ki, bu rəqəm Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun deyil".

O.Gündüzün sözlərinə görə, Azərbaycanda internetin zəif olmasının kökündə infrastrukturla bağlı problemlər dayanır: "Bu gün Azərbaycanda internet istifadəçilərinin böyük əksəriyyəti ADSL texnologiyalarına üstünlük verir. Demək olar ki, bütün ofis və evlərdə internet ev telefonu vasitəsilə alınır. Belə olan halda, yüksək sürətli internet almaq mümkün deyil. Yüksək sürət əldə etmək üçün Fiber Optik, mobil, ayrıca qoşulma texnologiyalarından istifadə edilməlidir. Azərbaycanda Fiber Optik texnologiyalarının qoşulmalarının faizi yetərincə aşağı və bahadır. Son zamanlar bu şirkətlərə müəyyən problemlər də yaradılıb. Hazırda Azərbaycanda Fiber Optikin çəkilişi üçün yeraltı infrastrukturdan istifadə olunmalıdır. Bunun adı Kabel Kanal sistemidir. Bu işlərə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə "Aztelekom" baxır. Dövlətə məxsus yeraltı kommunikasiyadan kabel kanal sistemindən istifadə ilə bağlı problemlər var. Bu baxımdan kabel kanal sisteminin istifadəsi ilə bağlı yeni qaydalar hazırlanmalı, tariflərə yenidən baxılmalıdır. Kabel kanal sisteminin istifadəsi ilə bağlı elə tariflər var ki, onun kim tərəfindən təsdiqlənməsi məlum deyil. Belə olan halda, qiymətlər Tarif Şurası tərəfindən təsdiq edilməlidir. Yalnız bu halda, internetin qiyməti aşağı enə bilər".