Hərə bir cürədir... Köşə

6 Oktyabr 2016 11:36 (UTC+04:00)

Hər dəfə gözümdən salırlar səni,

Salırlar, düşürsən düz ürəyimə...

Dünən sosial şəbəkədə cəbhəçilər Məhəmməd Hüseyn Şəhriyarı təhqir edirdilər, böyük şairin ünvanına öz əxlaqlarına uyğun şəkildə ağır ifadələr işlədirdilər. Səbəbi çox sadədir: bu bədbəxtlər elə bilirlər ki, Şəhriyar "Heydərbabaya salam" poemasını Ulu Öndər Heydər Əliyevə həsr eləyib. Buna görə də qıcıqlanıblar. İlahi, bu yekəlikdə savadsızlıq olarmı?! Cəbhəçilərə cavab verdim, kifayət qədər aydın şəkildə izah eləməyə çalışdım ki, yanılırsınız. Alinmadı... Nə isə, mətləbə keçək.

Bu il ali məktəbə qəbul olmaq üçün imtahan verən qohumlardan biri - Həsən adlı bu abituriyent niyyətinə çata bilmədi. O gün - bu gün evlərinə gəlmir, hardasa işləyir, çörəkpulu qazanır. İmtahan cavabları çıxan gün Həsənin anası mənə zəng edərək, təcili onlara getməyimi xahiş elədi. Getdim... Paltar dolabının üstündə bir parça kağız var idi. Cəmi iki misra yazılmışdı, arvad ağlaya-ağlaya nə qədər oxuyurdusa, başa düşmürdü:

Ana, məni basdırarsan

Boyumu soxduğun yerə...

Sən demə, Həsən anasını hirsləndirən kimi, anası da ona həmişə "boyunu yerə soxum" deyərmiş. Bu gözünə döndüyüm Həsən də qəbul imtahanından kəsilməyi özünə ar bilib, dostumuz, istedadlı şair Salam Sarvanın şeirindən sitat gətirərək, evi tərk edib. Axır ki, Həsəni tapdım, tələbə vaxtı mənim də fəhlə işlədiyim məscidlərin birində yerə piltə döşəyir, daş-qum daşıyır. Kövrəlir... Başa düşmür ki, fəhlə işləyib, alnından axıtdığı tərin bir damcısı ən yüksək təhsildən də yüksəkdir. 15 gündən bir maaş alıb evə göndərir, anasına palto almağa çalışır. Haram qazanıb, onun-bunu haqqını yeyib ata-anaya palto almaq, onları bər-bəzəyə tutmaq, elə də çətin deyil axı. Yadıma şair Şahmar Ələkbərin əhvalatı düşdü: şair hər gün paltar mağazasının qabağında durub, 48 ölçülü paltoya baxıb ağlayarmış. Anası 48 ölçülü palto geyinərmiş... Anasına söz verib ki, vitrində qoyulan həmin paltonu ona mütləq alıb geyindirəcək, amma nəsib olmayıb. Ana haqq dünyasına qovuşub.

Jurnalist dostlarımızdan biri Azərbaycan atalar sözlərini, məcazi mənalı ifadələri ingilis dilinə çevirməyə başlayıb, hətta kitab çıxarmağı planlaşdırır. Dünən siftə edib və ilk işini yazıb mənə də göndərib: "My eyes from you, don't drink the water". Kişi "mənim gözüm səndən su içmir" demək istəyir. İngilis dilini yerə yıxıb, ağzına-ağzına təpikləyib. Amma neynəmək olar, işində israrlıdır.