Müəllim insan qəlbinin mühəndisidir: REPORTAJ - SƏS TV

5 Oktyabr 2016 11:31 (UTC+04:00)

Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Bu tarix Azərbaycanda da özünəməxsus qeyd olunur. Bu günü təkcə müəllimlər deyil, şagirdlər də bayram edir. Çünki, müəllim uşaqları xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insan, vətəndaşdır... Müəllimlik çox şərəfli, şərəfli olduğu qədər də mürəkkəb və məsuliyyətli peşədir. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.

SİA bu gün münasibətilə, oxucularına 160 nömrəli klassik gimnaziyada fəaliyyət göstərən, illərini bu önəmli peşəyə həsr etmiş iki müəllimənin peşə yolunu təqdim edir.

1988-ci ildən müəllim fəaliyyətinə başlayan "Əməkdar müəllimə" Azərbaycan dili və ədəbiyyat müəlliməsi Ələsgərova Məlahət söyləyib ki, 30 ilə yaxındır ki, dilimizin gözəlliyini şagirdlərimizə sevdirməklə məşğuldur: "Uşaqlıqdan bu sənətin vurğunu olmuşam və özümü yalnız müəllimə kimi görmüşəm. İndi də əminliklə deyə bilərəm ki, həyata bir daha gəlsəydim, yenə də müəllimə olardım. Şagirdlərə ana dilimizi və ədəbiyyatı öyrətmək mənim üçün şərəfdir".

Məlahət Ələsgərova deyir ki, müəllim insan qəlbinin mühəndisidir: "Şagirdi anlamaq, onun qəlbini qazanmaq müəllimin birinci xüsusiyyətidir. Amma savadlı müəllimin. Çünki savadla silahlanan müəllim həm insan qəlbini, həm də beynini fəth edə bilər. Ona görə də müəllimin bir əlində savad, digər əlində gözəl qəlbi olmalıdır. Bundan başqa müəllim həm psixoloq, öz davranışı ilə uşaqlara nümunə olmalıdır. Müəllim həyatı cəmiyyətin qarşısında açıq bir aynadır. Hər kəs orada öz əksini görür".

"Əməkdar müəllimə" qeyd edib ki, cəmiyyətimiz inkişaf etdikcə, bütün sahələrdə olduğu kimi təhsil sahəsi də inkişaf edir: "İndiki şagirdlər əvvəlkilərlə müqayisədə daha aktiv olmaqla yanaşı, onlara verilən suallara daha səlis cavab verirlər. Təbii ki, bütün bunlar ölkəmizdə həyata keçirilən yeni təhsil proqramlarının bəhrəsidir. Artıq şagirdlərimiz onlara verilən tapşırıqları yalnız öyrənməklə deyil, düşünərək yerinə yetirirlər. Əgər şagird düşünərək təhsil alırsa, savadlanırsa bu gələcək cəmiyyətimiz üçün ağıllı şəxsiyyətlərin yetişdirilməsi deməkdir. Bundan başqa təhsildə əldə olunan uğur bütün istiqamətlərdə özünü göstərir. Buna misal olaraq müəllimlərə, eləcə də təhsil müəssisələrinə göstərilən qayğını göstərmək olar. Artıq ölkəmizin ən ucqar bölgələrində belə, məktəblərimiz ən yüksək texniki avadanlıqlarla təchiz olunub. Hər yeni tədris ilində Ölkə başçımız bir neçə məktəbin açılışda iştirak edir. Təbii bütün bunlar ölkə təhsilindəki irəliləyişlərin göstəricisidir. Şagirdlərimizin pulsuz dərsliklərlə təmin olunmasının özü də təhsil sahəsinin inkişafının bariz nümunəsidir".

Həmkarlarının bayramını təbrik edən Məlahət müəllimə onlara işlərində möhkəm durmağı arzu edib: "Uşaqlar bizim gələcəyimizdir. Əgər biz onları savadlı, vətənə layiq vətəndaş kimi yetişdirə bilsək, bununla öz gələcəyimizi təmin etmiş olarıq. Bu baxımdan bütün həmkarlarıma can sağlığı, müəllimlik işində səbir, şagirdlər qarşısında hər zaman uca olmağı arzu edirəm".

Həmin məktəbin şagirdi Əli müəllimlərini 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edib: "Müəllimlər uşaqların gələcək həyatını quranlardır. Bir müəllim yüzlərlə şagirdin insan kimi formalaşmasına nail ola bilir. Mən bütün müəllimlərimin bayramını təbrik edirəm. Arzu edirəm ki, müəllimlərimizin bol şagirdləri olsun ki, onlara bizim kimi bilik versinlər".

5-ci sinif şagirdi olan Şölə Kərimli isə gələcəkdə müəllimə olacağını qeyd edib: "Müəllim ilk dəfə məktəbə gələn şagirdləri əlindən tutub, onlara dəstək olmaqla yanaşı, yazmağı, oxumağı öyrədən insandır. Müəllim mənim üçün ikinci ana deməkdir. Çünki, günümüzün çox zamanını məktəbdə, müəllimlərimizlə birgə keçiririk. Mən də böyüyəndə müəllimə olacam. Çünki, müəllimə uşaqlara bilik verir, onların qayğısına qalır. Bütün müəllimlərimi təbrik edir, onlara uzun ömür can sağlığı arzu edirəm".

Ömrünün 28 ilini uşaqlara elm verməklə məşğul olan "Tərəqqi" medalçısı, Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Əfəndiyeva müəllimlik sənətinə vurğun olduğunu deyib. O bildirib ki, bütün peşələr gözəldir, lakin müəllimlik sənətinə yiyələnmək üçün onu sevmək lazımdır: "Müəllimlik fəaliyyətim 1988-ci ildən başlayıb. 30 ilə yaxındır ki, mən bu peşənin vurğunuyam. Bu sənəti sevmədən tədris etmək mümkün deyil. Əsl müəllim ən yaxşı keyfiyyətlərə malik olmalıdır. Çünki, uşaqlar müəllimdən nümunə götürür. Mədəniyyət, etika, bilik, savad, qabiliyyət, bacarıq kimi keyfiyyətlər müəllimdə cəmləşməlidir. Cəmiyyətə xeyirli insan yetişdirmək üçün sadalanan bütün xüsusiyyətlərin olması mütləqdir".

İradə müəllimə dövlətimizin bu peşə sahiblərinə göstərdiyi diqqət və qayğının yüksək qiymətləndirərək söyləyib ki, son illər ölkəmizdə təhsil sahəsinə ayrılan diqqət göz önündədir: "Dövlət başçısının hər il müəllimlər günü bu peşə sahiblərini təltif etməsi, ölkəmizdə təhsil sahəsinə, xüsusilə də müəllimlərin əməyinə verilən böyük qiymətin bariz nümunəsidir. Ötən il mən də bu sevinci yaşamışam. Belə ki, ölkə başçısının fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşəm. Bundan əlavə, fəaliyyət göstərdiyim illər ərzində dələlərlə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşam. Təhsilimiz ildən-ilə inkişaf edir. Müəllimlərin əmək haqları yüksəldilir, dərsliklərimizin keyfiyyəti yaxşılaşdırılır. Düzdür, təhsil sahəsində müəyyən çatışmazlıqlarımız da var. İş olan yerdə çatışmazlıqlar da olmalıdır".

Sənətinin vurğunu olan müəllimə şagirdlərinin arasında hazırda ən yüksək rütbələrdə, vəzifələrdə çalışanların olduğunu qeyd edib: "Mən 160 nömrəli klassik gimnaziyada fəaliyyət göstərirəm. Məktəbimiz uzun illərdir fəaliyyət göstərir. Bu baxımdan məzunlarımız arasında həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən yüksək rütbəli şəxslər var. Biz onlarla fəxr edirik".

Müəllimlik peşəsinin müqəddəs olduğunu deyən Günel Əlizadənin gələcək arzusu ingilis dili müəlliməsi olmaqdır: "Günümün çox hissəsini məktəbdə keçirdiyim üçün müəllimlərimi ikinci anam hesab edirəm. Mənə əldə qələm tutmağı məhz onlar öyrədiblər. Onları çox sevdiyim üçün mən də böyüyəndə müəllimə olmaq istəyirəm. İngilis dili dərsimiz çox maraqlı keçdiyindən bu fənni tədris etməyi düşünürəm. Ümid edirəm ki, mən də müəlliməm kimi maraqlı dərs keçəcəyəm. Bütün müəllimlərimi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm".

Dəqiq elmləri bütün fənlərdən üstün tutan Həsən İsmayılov bildirib ki, əgər müəllim olmasa, şagirdlər heç nə bilməz: "Müəllimlər uşaqlara savad verməklə savab qazanırlar. Onlar olmasa biz heç nə bilmərik. Mən də öz müəllimlərimiz kimi gələcəkdə uşaqlara bilik öyrətmək istəyirəm. Ən böyük arzum riyaziyyat və fizika müəllimi olmaqdır. Bütün müəllimlərin uzun ömürlü olmalarını istərdim".

PS: Ağacın meyvə verməsi üçün ona lazımi qulluq göstərilməlidir. Ağac sulanmalı, gübrələnməli, dayaqla möhkəmləndirilməlidir. Yalnız bütün bunlardan sonra ilk meyvəsini verəcək. Savadsız insan ağacsız meyvəyə bənzər və bu ağacı yetişdirən məhz müəllimdir. Əziz müəllimlər, sizi Müəllimlər günü münasibətilə ürəkdən təbrik edirik. Arzu edirik ki, yetirmələrinizin nailiyyətləri sizə həmişə fərəh və sevinc gətirsin.