Moskvada ermənilərin güllələdiyi boksçumuz danışdı

21 May 2011 10:27 (UTC+04:00)

2007-ci ildə yaşanan və bütün Azərbaycanda böyük əks-səda doğuran bir hadisə yaşanmışdı. Siasport.az saytı xəbər verir ki, Moskvada yerləşən Xalqlar Dostluğu Universitetində oxuyan 21 yaşlı boksçumuz Ağəli Alışov erməni tələbə tərəfindən güllələnmişdi. Alışov Universitetdə təşkil edilən mədəniyyət nümunələrinin sərgisi zamanı qondarma Dağlıq Qarabağ Respublikasının bayrağının dalğalandırılmasına etiraz etmiş və bayrağı cırmışdı. Bu zaman ermənilərdən biri onu güllə ilə qarnından vurmuşdu. İdmançımız yaxınlarda İBO kəməri uğrunda döyüşə çıxıb və qələbə qazanıb. Azərbaycana gəlməsindən istifadə edərək Ukraynada yaşayan boksçu ilə söhbət etdik.

- Ağəli, qalmaqalı saymasaq sənin haqda məlumat çox azdı. Ümumiyyətlə Azərbaycanda idmanla məşğul olmusanmı?
- 1986-cı ildənəm. Özüm Azərbaycanda uşu idman növü ilə məşğul olmuşam. 2003-cü ildə Moskvaya getdim. Burada əvvəl kikboksinq, sonra isə peşəkar boksla məşğul oldum. İndi artıq 59 kq-da ən yüksək yerlərdən birindəyəm. Bu ay keçirdiyim LBN promoşn və Kiyevdə azərbaycanlıların Konqresinin prezidenti Aleksey Krapivinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar təşkil etdiyi döyüşdə çexiyalı Jozef Autsu məğlub etdim və İBO kəmərinə sahib çıxdım. 12 raunddan ibarət döyüş idi və mən artıq 2-ci raundda rəqibimi nokauta saldım və dünya çempionu oldum.

- Uşu və kikboksinq döyüş növləri olsa da, peşəkar boks bunlardan çox fərqlənir. Rusiyada boks məşqçin kim olub?
- Peşəkar boksda məşqçim Rusiyanın əməkdar məşqçisi, Azərbaycan əsilli Vaqif Şirinov idi. Çoxları 2007-ildə Moskvada bayraq üstündə ermənilərlə davamın düşməsi və mənim güllə ilə vurulmağımı bilir. Bundan sonra karyeram elə alındı ki, Moskvanı tərk etməli oldum. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva ilə görüşdüm, ona institutdan çıxarılmağım, vurulmağım və digər problemlərim haqda danışdım. Leyla xanım bildirdi ki, fond mənə karyeramı davam etdirməyə kömək edəcək. Elə o zamandan Ukraynaya getdim və bir müddətdən sonra sağalıb məşqlərə başladım. 2010-cu ildə Kliçko qardaşlarının "K-2" promoşn kompaniyası ilə müqavilə bağladım. Bu azərbaycanlı Nazim Kazımovun sayəsində baş tutdu. Mart ayının 5-də Ukrayna çempionu oldum. Ondan sonra da Kiyevdə azərbaycanlıların konqresinin prezidenti Aleksey Krapivinlə görüşdüm və mənə mayda kəmər uğrunda döyüşməyim üçün kömək istədim. O da lazımi dəstəyi göstərdi və mən də dünya çempionu oldum.

- Ukrayna mətbuatından səninlə maraqlanan olubmu?
- Düzür, əsas diqqət, Ukrayna çempionu olandan sonra yarandı. Yəni orada da baxdılar ki, belə bir döyüşçü var.

- Azərbaycana tez-tez gəlirsən?
- Düzür, Ukraynada yaşayıram. Azərbaycan mənim vətənimdir, atam, anam, yaxınlarım burada yaşayır. Yarışlardan sonra gəlib istirahət edirəm.

- Bundan sonrakı planların necədir?
- Bundan sonra avqustun 5-dək kəməri qorumaq üçün döyüş keçirməliyəm. Əgər keçirə bilməsəm, kəməri əlimdən alacaqlar. O döyüş üçün isə dəstək lazımdı. Maddi problemlərim yoluna qoyulsa, avqustun 5-də kəməri qorumaq üçün döyüş keçirəcəm.

- Bir də son olaraq, Moskvadakı hadisə haqda danışmağını istəyirəm. Bu necə baş verdi?
- 2007-ci ildə may ayının 1-də Moskvada Xalqlar Dostluğu Universitetində 150 dövlətin mədəniyyət nümunələrinin sərgisi keçirilirdi. Bu hər il baş tutur. Ermənilər Dağlıq Qarabağın bayrağını qaldırıb rəqslər edirdilər. Yaxınlaşıb dedim ki, "bunlar burada olmaz, təxribata çəkməyin". Onlar da məni təhqir etdilər. Bu zaman alıb bayrağı cırdım. Bu zaman mənə tərəf 3 güllə atıldı. Biri qarnıma dəydi. 21 gün xəstəxanada yatdım. Sonradan Universtietdən sənədlərimi özümə qaytardılar və Rusiyadakı müqaviləmi də pozdular. 6-7 ay boks üçün yararlı olmadım.

rekord.az